Türkiyə mediası: Azərbaycan-Türkiyə qardaşlığına qarşı qarayaxma kampaniyası uğursuz olacaq

Türkiyə mediası Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərinə qarşı aparılan qarayaxma kampaniyalarına cavab verib. İddialar əsasız olsa da, bəzi xarici dairələr İsrail-İran gərginliyi fonunda bu münasibətləri hədəfə almağa çalışırlar. Lakin rəsmi Bakı və Ankara bu cəhdlərin uğursuz olduğunu və iki ölkə arasında strateji tərəfdaşlığın daha da güclənəcəyini bəyan edir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Türkiyənin tanınmış “Haber Global” telekanalı bu mövzu ilə bağlı geniş videomaterial yayımlayıb. Süjetdə qeyd olunur ki, bəzi media orqanları İsrail-İran münasibətlərindəki gərginliyi bəhanə edərək Azərbaycan-Türkiyə münasibətlərinə qarşı əsassız hücumlara başlayıblar. Bu hücumlar faktlar və rəsmi açıqlamalar tamamilə nəzərə alınmadan həyata keçirilir.
Materialda, həmçinin, 28 mayda prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışına xüsusi yer ayrılıb. Bildirilir ki, məhz bu dövrdə bəzi xarici nəşrlər Prezident İlham Əliyevə qarşı dezinformasiyalar yaymağa və Azərbaycanı əsassız ittihamlarla hədəfə almağa cəhd göstəriblər.
Süjetdə Azərbaycan Prezidentinin Fələstin məsələsinə dair mövqeyi də diqqətə çatdırılıb. Qeyd olunur ki, Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı yeni səfiri Əhməd Metanini qəbul edərkən bildirib ki, Azərbaycan hər zaman Fələstinin haqlı tələblərini dəstəkləyib və bu dəstək, o cümlədən humanitar yardımlar bundan sonra da davam edəcək.
Türkiyə kanalı sonda vurğulayır ki, aparılan bütün qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığı və strateji tərəfdaşlığı sarsılmazdır və daha da güclənəcək.
Zəhra Ağayeva
16:38 17.06.2025
Oxunuş sayı: 715