İrandakı azərbaycanlıların taleyi necə olacaq? - AÇIQLANDI

Son günlər İranda baş verən ictimai-siyasi proseslər bu ölkədə yaşayan milyonlarla azərbaycanlının taleyinə birbaşa təsir edə bilər. Gərginliyin artması humanitar böhran riskini gündəmə gətirir, xüsusilə də etnik azlıqların təhlükəsizliyi və hüquqları baxımından narahatlıqlar artır. Vəziyyət gərginləşərsə oradakı soydaşlarımızın taleyi necə olacaq?
Politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, məsələ hələ ki, insanların kütləvi köçü ilə nəticələnəcək səviyyəyə çatmayıb: "Hazırda bölgədə yalnız aviasiya müharibəsi gedir. Hər iki tərəf qarşılıqlı olaraq bir-birinin ərazilərini bombalayır, əsasən strateji obyektlərə zərbələr endirilir. Əgər vəziyyət o həddə çatsa və əhalinin köçü baş verərsə, Azərbaycan dövləti də, qardaş Türkiyə ilə birlikdə, cənubda yaşayan soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün lazımi addımlar atacaq. Ehtiyac olarsa, yardım göstəriləcək, digər məsələlərlə bağlı da İranda yaşayan soydaşlarımız üçün vacib addımlar atılacaq”.
Z.Əmrəliyev qeyd edib ki, Azərbaycan hər zaman dünyada yaşayan azərbaycanlıların əsas dəstəkçisi kimi çıxış edib: "Prezident İlham Əliyev təkcə Azərbaycan Respublikasında yaşayan deyil, bütün dünyada yaşayan azərbaycanlıların prezidentidir. Özü də dəfələrlə bunu həm bəyan edib, həm də öz siyasətində bu məsələni nümayiş etdirib. Hazırda hadisələrin inkişafı elə də böyük risk yaratmır. Lakin İsrail azərbaycanlıların yaşadığı şəhərləri, o cümlədən Səhandi bombalayır. Səhandin dünən bombalanması barəsində məlumat var. Bu kiçik şəhərin əhalisi tamamilə azərbaycanlılardan ibarətdir”.
O əlavə edib ki, həmçinin Azərbaycan xalqının əsas mərkəzi hesab olunan Təbriz şəhərində yerləşən hərbi obyektlər də İsrail aviasiyası tərəfindən hədəfə alınır: "Burada mülki əhali ilə bağlı ciddi problem müşahidə edilmir. Yayılan görüntülər və İran tərəfinin açıqlamaları da göstərir ki, mülki əhali hələlik baş verənlərdən çox əziyyət çəkmir. Gələcəkdə vəziyyət humanitar böhran səviyyəsinə çatsa və İranda ciddi problem yaranarsa, Azərbaycan və Türkiyə birgə şəkildə lazım olan bütün addımları atacaq. Əgər vəziyyət humanitar böhran həddinə çatsa, Azərbaycan və Türkiyə lazımi addımları atacaq. Belə vəziyyətdə necə sərfəlidirsə, həmin istiqamətdə humanitar yardım və dəstək göstəriləcək, eyni zamanda əhalinin təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlar səfərbər ediləcək".
Ayhan Ağarzayev
Fatimə Nəbiyeva
16:08 14.06.2025
Oxunuş sayı: 1228