İsrail-İran müharibəsi: "Bu ölkə tarixdən silinəcək" - RƏY

İsrailin İranın nüvə obyektlərinə və hərbi rəhbərliyinə qarşı həyata keçirdiyi hava hücumları bölgədə gərginliyi yeni səviyyəyə çatdırıb. Hücumlar nəticəsində İranın Baş Qərargah rəisi və digər yüksək rütbəli şəxslər həlak olub. İsrail bu əməliyyatı “varlığımıza yönəlmiş təhdidə cavab” adlandırsa da, Tehran qisas vəd edir. ABŞ hərbi müdaxilədə iştirak etmədiyini açıqlasa da, bölgədə hərbi qüvvələrini hazır vəziyyətə gətirib.
Mövzu ilə bağlı Türkiyəli politoloq Hüseyin Şeyhanlıoğlu Crossmedia.az-a verdiyi açıqlamasında Yaxın Şərqdə baş verən hadisələri şərh edərək bölgənin yeni siyasi və hərbi nizama doğru irəlilədiyini bildirib.
H.Şeyhanlıoğlunun sözlərinə görə, regionun siyasi xəritəsi yenidən qurulmaqdadır və bu prosesdə əsas aktorlar olan İsrail və İran arasında ciddi qarşıdurma yaşanır: " İsrail “Böyük İsrail” ideyasını gerçəkləşdirməyə çalışır, İran isə nüvə silahı əldə etmək niyyətindədir. Bu iki gücün qarşı-qarşıya gəlməsi son otuz ildə atılmış hazırlıqlarla bağlıdır. Belə ki, İsrailin “Böyük İsrail” planı çərçivəsində İraqa doğru genişlənmək istəyi ilə İranın həm nüvə gücü yaratmaq, həm də “dirəniş oxu” adlandırılan ideoloji xətt qurmaq strategiyası bir-biri ilə toqquşur. Bu proseslərdə ABŞ da fəal şəkildə iştirak edir və vəziyyəti daha da gərginləşdirir. Bölgədə artıq böyük bir müharibə başlayıb və bunun nəticəsini əvvəlcədən təxmin etmək mümkün deyil".
Ekpertin fikrincə, bu müharibəni uduzan tərəf tarixdən silinəcək: "Əgər İran baş verənlər qarşısında geri çəkilərsə və cavab verə bilməzsə, bu, ölkə daxilində siyasi rejimin süqutu ilə nəticələnə bilər. Lakin İran cavab verərsə, bu dəfə də ABŞ cavab verəcək. Bu, münaqişənin daha geniş, qlobal səviyyəyə keçməsinə yol aça bilər.
Bütün bu proseslər çox təhlükəlidir və qarşıdakı dövrdə bölgədə daha böyük qarşıdurmalara səbəb ola bilər".
Fatimə Nəbiyeva
11:14 13.06.2025
Oxunuş sayı: 4625