İqtisadçı: "Emal sənayesinin inkişafında çox ləngiyirik"

Azərbaycan xarici işlər nazirinin müavin, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib ki, hazırda Azərbaycan üçün dairəvi iqtisadiyyata keçid olduqca vacib məsələdir.
Onun sözlərinə görə, bu gün təkrar istehsal amili xüsusi əhəmiyyət daşıyır: “Təkrar istehsal imkanlarından istifadə etməklə tullantıların düzgün idarə olunması və digər vasitələrlə istixana qazı emissiyalarını azaltmaq mümkündür. Təbii ki, bu prosesdə müasir texnologiyalar - blokçeyn və süni intellekt mühüm rol oynaya bilər”.
Y. Rəfiyev qeyd edib ki, dairəvi iqtisadiyyata keçidlə bağlı maliyyə məsələləri də diqqətdə saxlanılmalıdır: “Bu sahədə layihələrin həyata keçirilməsi üçün maddi vəsait, eləcə də zəruri infrastruktur mövcud olmalıdır. Burada elmin rolu xüsusilə önəmlidir. Ali təhsil müəssisələri müvafiq imkanlar yaradaraq bu texnologiyaların səmərəli tətbiqinə töhfə verə bilər”.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Crossmedia.az-a açıqlama verib: “Ölkədə emal prosesi çox bərbad vəziyyətdədir. Azərbaycanın ümumdaxili məhsulunun strukturunda emal səviyyəsi aşağıdır. Hasilat səviyyəsi yuxarıdır. Bu da neft və qazın xammal kimi satılmasıdır. Biz emal sənayesinin inkişafında çox ləngiyirik. Qeyri-neft sənayesi qurmaqda çox çətinlik çəkirik. Bunun xeyli səbəbi var. Əlbəttə, müsbət tərəfləri də var. Azərbaycanda bərk məişət əşyaların emalı, yağların təkrar emalı ilə bağlı müəssisələr mövcuddur. Müasir texnologiyadan da istifadə təbii ki, daha yaxşı nəticələr verə bilər gətirə bilər”.
Ayhan Ağarzayev
15:44 12.06.2025
Oxunuş sayı: 915