ABŞ-Rusiya gərginliyi güclənir: Azərbaycan necə davranacaq?

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya ilə ABŞ arasında dialoq bərpa olunsa da, yaxın zamanda ciddi nəticələr gözləmək mümkün deyil. Onun sözlərinə görə, ikitərəfli münasibətlərdə çoxlu sayda problemlər mövcuddur və bu səbəbdən danışıqlardan tez bir zamanda müsbət nəticə almaq real görünmür.
Peskov bu fikirləri bu gün jurnalistlərə açıqlamasında səsləndirib və əlavə edib ki, mövcud çətinliklər fonunda proseslər uzunmüddətli və çətin ola bilər.
Onun dediklərindən belə çıxır ki, Moskva və Vaşinqton "kəllə - kəlləyə gəlməyə davam edəcək". Bu prosesin nəticəsi barədə Crossmedia.az-la fikirlərini bölüşən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Rusiyanın ABŞ ilə ciddi şəkildə qarşıdurmaya girmək imkanları yoxdur: "Artıq üç ildir davam edən müharibə Rusiya resurslarını xeyli tükəndirib. Belə bir vəziyyətdə Rusiyanın fövqəldövlətlərlə qarşıdurma şansı çox zəifdir. Məncə, Rusiya nə ABŞ, nə də Avropa dövlətləri ilə açıq qarşıdurmaya gedər".
Siyasətçi Rusiya- Azərbaycan münasibətləri barədə də danışıb: "Rusiya bizim qonşu dövlətdir və ərazisində təxminən 2 milyon azərbaycanlı yaşayır. Əgər Rusiya hər hansı münaqişəyə daxil olsa, bu, təbii ki, Azərbaycanda da müəyyən reaksiyalar doğura bilər. Lakin ümumi olaraq, Azərbaycan Rusiya ilə ABŞ arasındakı potensial qarşıdurmada neytral mövqe tutacaq. Çünki ölkəmiz Qoşulmama Hərəkatının üzvüdür. Bu səbəbdən də nə Moskvanın, nə Vaşinqtonun tərəfində yer alacaq. Azərbaycan baş verən hadisələrə münasibətdə həmişə diplomatik yolla həllin tərəfdarı olduğunu vurğulayacaq və mümkün olduğu qədər Türkiyə ilə ortaq mövqe nümayiş etdirərək bu münaqişənin qarşısının alınmasına yönəlik təşəbbüslərlə çıxış edəcək".
Nigar Rəhimova
16:53 11.06.2025
Oxunuş sayı: 2019