Azərbaycanlı deputatdan Putinin köməkçisinə reaksiya: “Rəsmi Bakı yeni reallıqlar yaratmaqda davam edir”

Dörd regionda referendumlar keçirilib və onlar rəsmən Rusiyanın ərazisinə qatılıb. Rusiya artıq oradan çıxa bilməz.
Teleqraf xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski dünən Azərbaycanın ərazi bütövlüyünü sual altına atan bəyanat səsləndirib. O, deyib ki, Ukraynada cəbhə xətti boyunca döyüşləri dayandırıb həqiqi sülh barədə razılığa gəlinməsə, bu region nəhəng Qarabağa çevriləcək: “Bir müddət sonra Ukrayna NATO-ya qoşulacaq, onu geri almağa çalışacaq və bu, planetin sonu olacaq, bu, nüvə müharibəsnə gətirib çıxaracaq”.
Onun fikirləri Rusiyanın Azərbaycanla, Qarabağla bağlı mövqeyini şübhə altına atır. Bu, heç bir diplomatik etikaya uyğun deyil.
Milli Məclisin deputatı Sahib Alıyev Crossmedia.az-a açıqlamasında Medinskinin Qarabağı “mübahisəli ərazi” adlandırması ilə İranın beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi haqda açıqlamalarını sərt tənqid edib: “Bu açıqlamalar prinsipcə eyni mahiyyətə malikdir. Moskva ilə Tehran Azərbaycanın yaratdığı geosiyasi reallığı qəbul etmək istəmir. Ötən əsrin 90-cı illərinin xiffətini çəkənlərin gözgötürməzlikdən qaynaqlanan bu açıqlamaları sırf cəfəngiyyatdır. Rusiyanı demirəm, çünki onun 1994-cü ildə təhlükəsizliyinin təminatını öz üzərinə götürdüyü Ukraynada nələr etdiyini görürük. Amma dünyada elə bir dövlət varmı ki, Qarabağı Azərbaycanın bir parçası kimi tanımasın? Əgər hətta Ermənistanın baş naziri belə “Qarabağ Azərbaycandır” deyirsə, o ərazi necə mübahisəli ola bilər?”
Parlamentarinin fikrincə, İranın beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı iddiaları — Ermənistan torpaqlarının ələ keçirilməsi, NATO-nun regiona gətirilməsi və ABŞ Prezidenti Baydenin bu planı dəstəkləməsi — reallıqdan çox uzaqdır:
“Əgər Zəngəzur dəhlizini açmaqda məqsəd Ermənistan torpaqlarını ələ keçirmək olsaydı, İran niyə Araz dəhlizinə icazə verirdi? Araz dəhlizi də Azərbaycanın bir hissəsi ilə digər hissəsi arasında əlaqə yaratmaq üçündür. Bayden administrasiyasının Zəngəzur dəhlizini dəstəkləməsinə gəldikdə isə burada həqiqət payı Vilayətin bizim Qarabağı işğaldan azad etməyimizə guya sevindikləri ilə bağlı əvvəlki açıqlamaları qədərdir".
S.Əliyev əlavə edib ki, İranın indiki qədər güclü və nüfuzlu olması barədə iddialar da qətiyyətlə reallığa uyğun deyil: “Əgər İranın gücü elə aşıb-daşırsa, onda niyə strateji obyektlərini bir-bir, zərgər dəqiqliyi ilə və istədikləri vaxt sıradan çıxaranlara, neçə generallarını, evlərində ən əziz qonaqlarını məhv edənlərə, Livan, Suriya və Yəməndəki proksilərinə ağır zərbə endirənlərə bunu göstərmir? Belə açıqlamalarla bu dövlətlər yalnız dəyişmədiklərini və dəyişməyəcəklərini sübut edirlər. Qarabağın ‘mübahisəli’ olmasını təmin etmək üçün ora hərbi kontingent yeridənlərin planları necə alt-üst edildisə, Zəngəzur dəhlizi də o cür açılacaq. Mane olmaq istəyənlər Azərbaycanın həmin dəhlizin bir neçə kilometrliyində yerləşən iki beynəlxalq hava limanını niyə tikdiyini, onlardan birinin açılışını iki qardaş dövlətin başçısının birgə etdiyini, eyni gündə Laçında keçirilən üçlü Zirvənin və Naxçıvanda keçirilən ‘Sarsılmaz Qardaşlıq-2025’, ‘Mustafa Kamal Atatürk-2025’ təlimlərinin nə anlam daşıdığını bilməlidirlər. Azərbaycanın qəti mövqeyi və strateji addımları regionda yeni reallıqlar yaratmaqda davam edir və heç bir xarici qüvvə bu prosesə mane ola bilməyəcək”.
Fatimə Nəbiyeva
18:46 10.06.2025
Oxunuş sayı: 6087