Azərbaycanla Ermənistan arasında sərhəd açılır?- Sülh müqaviləsi...

Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Edvard Akopyan Azərbaycanla mümkün sərhəd açılması və regional nəqliyyat marşrutlarının bərpası ilə bağlı açıqlama verib.
O bildirib ki, əgər Azərbaycanla sərhədlərin
açılması və yük tranziti gündəmə gələrsə, ölkə bu ssenarilərə hazır olmalıdır.
Akopyan qeyd edib ki, Azərbaycan üzərindən
Naxçıvana mal daşınması halında gömrük nəzarəti Gürcüstan və İranla tətbiq edilən
sadələşdirilmiş rejimlərə uyğun şəkildə həyata keçiriləcək. Lakin o, bu rejimin
detalları barədə əlavə məlumat verməyib.
E.Akopyanın səsləndirdiyi fikirlər və sərhədin açılması perspektivi barədə Crossmedia.az-a danışan ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycan üçün iqtisadi əlaqələr sülh müqaviləsindən sonra mümkündür: “Azərbaycanın bəlli şərtləri var. Kommunikasiya xətlərinin açılması, yolların bərpası və iqtisadi münasibətlərin normallaşması yalnız sülh müqaviləsi imzalandıqdan sonra mərhələli şəkildə həyata keçirilə bilər. Ermənistanın Azərbaycandan əsas gözləntilərindən biri enerji daşıyıcıları ilə bağlıdır. Ölkə hazırda Rusiya enerjisindən kəskin şəkildə asılıdır və bu asılılığı azaltmaq üçün gələcəkdə Azərbaycandan enerji daşıyıcıları almaq niyyətindədir. Bu barədə Ermənistan rəsmiləri dəfələrlə açıq şəkildə bəyan ediblər”.
Müsahibimizin fikrincə, gələcəkdə sərhədyanı
ticarətin bərpası və canlanması da gündəmdə ola bilər: “Bu, hər iki ölkənin sərhəd
bölgəsində yaşayan əhalisinə müəyyən iqtisadi fayda və gəlir gətirə bilər. Lakin
bu, yalnız uzaq perspektivdə üçün realdır. İlk növbədə Azərbaycan tərəfinin tələblərinə
uyğun olaraq sülh müqaviləsi imzalanmalı, münasibətlər normallaşmalıdır. Sonra
iqtisadi layihələrdə birgə iştirak məsələsi müzakirə oluna bilər.Azərbaycan bu
gün bir neçə böyük regional layihənin iştirakçısı və moderatorudur. Məsələn,
Avropa İttifaqı, Gürcüstan və Azərbaycanın birlikdə həyata keçirdiyi elektrik
enerjisinin Avropaya nəqli layihəsi var. Ermənistan münasibətlərin
normallaşması halında gələcəkdə bu layihəyə də qoşulmaq istəyə bilər. Amma bu, yalnız
Azərbaycanın razılığı ilə mümkündür”.
Nigar Rəhimova
15:50 09.06.2025
Oxunuş sayı: 2608