Erməni müxaliflərlə görüşən azərbaycanlı deputatdan açıqlama: "Onlarla ünsiyyət mümkündür" - FOTO

Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan müxalifət partiyalarının görüşü keçirilib.
Azərbaycan tərəfindən görüşdə Müsavat Partiyasının Məclis sədri Arif Hacılı və Milli Məclisin deputatı, Milli Cəbhə partiyasının sədri Razi Nurullayev iştirak edib.
Ermənistanı isə “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan və hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Yulhakyan təmsil edib.
Görüşü Avstriya Milli Müdafiə Akademiyasında “International Center for European Union Research”ün (Avropa Birliyi Beynəlxalq Araşdırmalar Mərkəzi) təşkilatçılığı ilə keçirilib.
Azərbaycan və Ermənistan müxalifət nümayəndələrinin neytral məkanda keçirilən görüşündə iştirak edən R. Nurullayev təəssüratlarını Crossmedia.az-la bölüşüb.
Onun sözlərinə görə, görüşdə iştirak edən şəxslər Ermənistan müxalifətinin nümayəndələri olub və onların siyasi baxışlarında heç bir dəyişiklik müşahidə olunmayıb: “Radikal fikirlərində qalırlar və baş nazir Nikol Paşinyanı Ermənistanın milli maraqlarını nəzərə almamaqda günahlandırırlar. Qarşı tərəflə ünsiyyət mümkündür və müəyyən məsələləri izah etmək üçün dialoq mühiti yaranır. Onun sözlərinə görə, erməni müxalifətçiləri dinləməyi bacarırlar, lakin bu, onların baxışlarının mahiyyətini dəyişmir".
R.Nurullayev qeyd edib ki, görüş zamanı bir daha aydın olub ki, Ermənistan müxalifətinin indiki düşüncə tərzi mediada haqqında oxuduqlarımızla tamamilə üst-üstə düşür: “Onların fikirləri elə bizim mətbuatda erməni müxalifəti haqqında oxuduqlarımız kimidir”.
Fatimə Nəbiyeva
12:10 07.06.2025
Oxunuş sayı: 1066