"Son illər Azərbaycanda bərpa olunan enerji sektorunun yaradılması istiqamətində ciddi addımlar atılıb" - Ekoloq

Bu gün "Ümumdünya ətraf mühiti mühafizə günü" dür. Ekoloji problemlər artıq çox nəzərə çarpacaq dərəcədə nəticələr göstərir. Qlobal istiləşmə, iqlim problemləri, su hövzələrinin quruması artıq həyacan təbilini işə salıb. Məhz bu sahədə Azərbaycan öz mövqeyini COP29 iqlim konfransında tam şəkildə ortaya qoydu. Bu konfransda Azərbaycanın bu konfransdan xeyli əvvəl ekoloji problemlərin həlli yolunda addımlar atdığı qeyd olundu. Lakin heç də dünyanın hər yerində maarifləndirmə kompaniyaları yaxud iqlimlə bağlı hansısa addım atılmır.
Mövzu ilə bağlı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Crossmedia.az-a açıqlama verib:
“BMT-nin qərarı ilə hər il iyunun 5-də Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd edilir. Bu günün təsis olunmasında məqsəd diqqəti ətraf mühitin mühafizəsinə yönəltməkdir. Hər il uyunun 5-də müxtəlif ölkələrdə canlı aləmin qorunması aksiyaları keçirilir. İnsanların maarifləndirilməsi baxımından bu günün, bu günlə bağlı simvolik aksiyaların keçirilməsi çox vacibdir. Çünki qlobal iqlim dəyişiklikləri günü-gündən fəsadlarını göstərir. Son 100 ildən havanın temperaturu 1 dərəcəyədək artıb. Bunun əsas səbəbi antorpogen amillərdir. Sənayeləşmə artır, kənd təsərrüfatı sahələri genişlənir. Yeraltı filiz yataqları bəzi hallarda normadan artıq və standartlardan kənar istismar olunur. Təbiətin bizlərə verdiyi nemətlər boldur, amma tükənməz deyil. İnsan övladı bəzən gələcəyi düşünmədən bütün nemətləri tükətmək fikrinə düşür. Təbiətin intiqamı isə amansızdır. Biz canlı aləmə nə vermişiksə, o da bizə eyni münasibəti göstərir. Bu gün baş verən təbii fəlakətlər, su resurslarının quruması, torpağın şoranlaşması, buzlaqların əriməsi bizim təbiətə göstərdiyimiz acımasız münasibətin cavabıdır. Bu gün qarşıda duran əsas vəzifə amtosferə atılan tullantıların miqdarının azaldılmasıdır. Bunun üçün qalıq yanacaqla işləyən sənaye müəssisələri yenilənməli, həyatın bütün sahələrində bərpa olunan enerjiyə keçid sürətləndirilməlidir. Yaşıl enerji ilə işləyən avtomobillərin, avtobusların sayı artırılmalıdır".
Elman Cəfərli həmçinin qeyd edib:
"Son illər Azərbaycanda bərpa olunan enerji sektorunun yaradılması istiqamətində ciddi addımlar atılıb. Xüsusən yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında uğurlu layihələr həyata keçirilib. Bakıda, digər iri şəhərlərdə yaşıllaşdırma aksiyaları təşkil edilib. Yüz hektarlarla meşə sahələri bərpa olunub, salınıb. Bakıda nəqliyyat sahəsində aparılan islahatlar təqdirəlayiqdir. Xüsusən sərnişindaşımada və taksi xidmətində elektriklə işləyən avtobusların artırılması, velosiped yollarının salınması, tramvay xəttlərinin bərpası istiqamətində planlanan işlər alqışlanmalıdır. Nəhayət Bakının beton meqapolisdən yaşıl şəhərə çevirməyi bacarmalıyıq. Ölkə əhalisinin əhəmiyyətli hissəsi Bakı və Abşeronda məskunlaşıb. Xüsusilə bu regionda ətraf mühitin mühafizəsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirilməlidir. Son illər ətraf mühitin qorunması yönündə cidid qərarlar qəbul olunub, çəkindirici alətlər tətbiq edilib. Lakin cərimələrlə ideal nəticəyə nail ola bilməyəcəyik. Yaxşı olar ki, düşüncələr dəyişsin. Bunun üçün isə insanlar arasında maarifləndirmə tədbirlərinin gücləndirilməsinə ehtiyac var. Yaxşı olar ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü Bakı şəhərində insanların düşüncəsinə təsir edən flaş-moblar, simvolik aksiyalar keçiriləydi. Xüsusi geyim və papaqlarda könüllü təbiətsevərlərin, tanınmış adamların iştirakı ilə küçə və meydanlarda təmizlik aksiyaları keçirilsə təsirli olardı”.
Ayhan Ağarzayev
13:30 05.06.2025
Oxunuş sayı: 988