"Fransa televiziyalarında Afrikaya dair yayımlanan materialların 90 faizi mənfi məzmun daşıyır"

"Fransa televiziyalarında Afrikaya dair yayımlanan materialların 90 faizi mənfi məzmun daşıyır".
Crossmedia.az xəbər verir ki, bunu ADA Universitetinin dosenti Murat Özkaleli “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Dosent Fransanın Afrikaya yanaşmasını kəskin tənqid edib.
Onun sözlərinə görə, Fransa ictimaiyyətində və media məkanında Afrikaya qarşı stereotiplər hələ də güclü şəkildə qalmaqdadır.
“Fransa kolonial keçmişi ilə hələ də obyektiv şəkildə üzləşməyə hazır deyil. Sağ və sol siyasi düşərgələr bu məsələdə fərqli mövqe sərgiləmir. Çünki sistemin özü bu tarixi daşıyır və onunla barışmaqdan çəkinir".
O qeyd edib ki, Fransız televiziyalarında Afrikaya dair yayımlanan materialların 90 faizi mənfi məzmun daşıyır:
“Bu, təkcə media təsviri deyil, bu bir yaddaş müharibəsidir. Afrikadan olan dördüncü və beşinci nəsil gənclər təhrif olunmuş tarixlə yaşamağa məcbur qalırlar. Onlara alternativ tarix şansı verilməyib".
M. Özkaleli əlavə edib ki, Fransa paternalist siyasətindən imtina etməyib və keçmiş müstəmləkələr qarşısında məsuliyyət hissi nümayiş etdirmir:
“Burada təkcə hərbi müdaxilələrdən söhbət getmir. Fransa özünü sivilizasiya ixrac edən dövlət kimi təqdim edir, lakin keçmiş müstəmləkələrə qarşı indiyədək rəsmi üzrxahlıq etməyib. Prezident Makronun "Əlcəzairin öz tarixi yoxdur, biz yaratmışıq" fikri artıq dövlət mövqeyinə çevrilib” – Özkaleli qeyd edib.
Aybəniz Səfərova,
Fatimə Nəbiyeva
11:55 03.06.2025
Oxunuş sayı: 1949