Pakistan baş naziri Hindistanla gərginlikdən sonra Azərbaycana niyə gəlir? - Deputat

Pakistanın Baş naziri Şahbaz Şərif mayın 25-30-da Türkiyə, İran, Azərbaycan və Tacikistana səfər edəcək.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, o, səfər zamanı bu ölkələrin liderləri ilə ikitərəfli münasibətlərə dair bir çox məsələlər, həmçinin regional və beynəlxalq proseslər barədə müzakirələr aparacaq.
"Onun həmçinin bu yaxınlarda Hindistanla münasibətlərdə yaranmış böhran zamanı dost ölkələr tərəfindən Pakistana göstərilən dəstəyə görə minnətdarlığını bildirmək imkanı olacaq. Baş nazir mayın 29-30-da Duşənbədə (Tacikistan) keçiriləcək buzlaqlarla bağlı beynəlxalq konfransda iştirak edəcək", - məlumatda qeyd olunub.
Gözlənilən səfər barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan və Pakistan arasında münasibətlər hazırda strateji müttəfiqlik səviyyəsindədir: “Azərbaycan, Pakistan və Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq bölgədə təhlükəsizliyin möhkəmlənməsinə ciddi töhfə verir. Münasibətlərin bu formada inkişafı bütün aspektlərdən önəm daşıyır. Ölkələr arasındakı əlaqələrin dərinləşməsi həm də ortaq maraqların qorunmasına xidmət edir. Bu üç dövlət ərasında əlaqələr, əməkdaşlığımızın güclənməsinə, möhkəmlənməsinə, bölgədə təhlükəsizliyə öz ciddi töhfəsini verir.”
C. Məmmədov bildirib ki, Azərbaycanla Pakistan arasında əlaqələr hər zaman yüksək səviyyədə olub: “Xüsusilə, Vətən müharibəsi dövründə Pakistan Azərbaycanın yanında olduğunu nümayiş etdirib. Vətən müharibəsi dövründə Pakistan-Azərbaycan öz dostluq və qardaşlıq mövqeyini ifadə edibdir və əlaqələrini daha da möhkəmləndiribdir. Qarşılıqlı səfərlər bu prosesə əlavə dinamizm gətirir və əlaqələrin daha da inkişafına zəmin yaradır. Gözlənilən səfər də münasibətlərin gücləndirilməsinə mühüm töhfə verəcək”.
Fatimə Nəbiyeva
20:00 23.05.2025
Oxunuş sayı: 1063