Səfir: "Azərbaycanın bərpa olunan enerji mərkəzi olmaq üçün də böyük potensialı var"

"Azərbaycan təbii ehtiyatlarından strateji istifadəyə və böyük enerji infrastrukturu təşəbbüslərindəki roluna görə bir çox ölkələr üçün əsas enerji təchizatçısıdır. Azərbaycan tərəfindən reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır".
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə bu ölkənin “The Holland Times” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu 2027-ci ilə qədər Azərbaycan qazının Aİ-yə ixracının iki dəfə artırılmasını və Avropaya ixrac üçün Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalını nəzərdə tutur: " Biz Avropaya qaz ixracımızı ardıcıl olaraq artırmışıq və hazırda on Avropa ölkəsini qazla təmin edirik. Azərbaycanın bərpa olunan enerji mərkəzi olmaq üçün də böyük potensialı var. Biz Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Xəzər dənizindən elektrik enerjisinin Avropaya ötürülməsi üçün Yaşıl Enerji Dəhlizini inkişaf etdiririk. Həmçinin Mərkəzi Asiyadan olan tərəfdaşlar - Qazaxıstan və Özbəkistanla da onları bu layihəyə cəlb etmək istiqamətində çalışırıq".
Diplomat xatırladıb ki, 2024-cü ilin noyabrında Azərbaycan Bakı Maliyyə Məqsədi, karbon bazarları üçün çərçivə və İtki və Zərər Fondunun fəaliyyətə başlaması kimi tarixi nəticələrə nail olmaqla COP29-a uğurla ev sahibliyi etdi: "Bütün bu səylər göstərir ki, Azərbaycan təkcə ənənəvi enerji təchizatçısı deyil, həm də Avropa və onun hüdudlarından kənarda təhlükəsiz, şaxələndirilmiş və davamlı enerji gələcəyinə sadiq olan gələcəyə yönəlmiş tərəfdaşdır".
Kənan Novruzov
10:31 21.05.2025
Oxunuş sayı: 619