Deputat: "PKK-nın özünü buraxması Azərbaycanda da sevinclə qarşılandı"

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbl edərkən PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb.İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və ölkəsini də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. İlham Əliyev deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.
Milli Məclisin deputatı Asim Mollazadə ölkə liderinin verdiyi mesajlarla bağlı Crossmedia.az-a danışıb: "Türkiyə daxilində Türkiyəyə təhlükə yaradan hər hansı bir terror təşkilatının fəaliyyətinin ləğvi Azərbaycanı sevindirməyə bilməz. Azərbaycan bu məsələdə hər zaman Türkiyənin yanında olub. Əgər Türkiyədə təhlükəsizlik artırsa, bu, Azərbaycan üçün də sevindiricidir. Çünki biz müttəfiq, qardaş və dost ölkələrik. Bu münasibətlərin təməlində çoxşaxəli əməkdaşlığımız dayanır ki. Buraya təhlükəsizlik sahəsi ilə yanaşı, hərbi əməkdaşlıq da daxildir. Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında dəfələrlə birgə təlimlər keçirilib və bu təlimlər Azərbaycan ordusunun inkişafına ciddi töhfə verir. Bu, bizim üçün böyük bir dəstəkdir". Parlamentari terrora son qoyulmasını xüsusi hadisə kimi qiymətləndirib: " Artıq bu təşkilatın heç bir dəstəyi yoxdur. Guya kürd probleminə qarşı mübarizə üçün yaradılan təşkilatın əsas qurbanları elə kürd vətəndaşları olub. Odur ki, PKK-nın ləğvi Türkiyədə böyük sevinc doğurub. Azərbaycan da bu sevinci qürurla və səmimiyyətlə bölüşür.
Nigar Rəhimova
15:53 13.05.2025
Oxunuş sayı: 4706