Bakı-Hanoy xətti: Yeni dövrün diplomatik kodu - Deputatdan maraqlı açıqlama

Qloballaşan dünyada ölkələr arasında strateji tərəfdaşlıqların qurulması regional sabitlik və iqtisadi inkişaf üçün mühüm rol oynayır. Azərbaycan ilə Vyetnam arasında münasibətlərin bu müstəviyə keçməsi, yeni əməkdaşlıq imkanlarının qarşısını açır. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi cənab To Lamın Azərbaycana rəsmi səfəri, iki ölkə arasında münasibətlərin daha yüksək mərhələyə keçdiyinin göstəricisidir. Bu səfər çərçivəsində imzalanan sənədlər və aparılan danışıqlar gələcək əməkdaşlıq üçün mühüm zəmin yaradır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlama verib. Deputat bildirib ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri ilə əlaqədar 7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat bir çox önəmli məsələlərə toxunaraq, mühüm razılaşmalar və uğurlu layihələr haqqında ətraflı məlumat təqdim etmişdir:
“Prezidentin bəyanatından aydın olmuşdur ki, cənab To Lamın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan ilə Vyetnam arasında imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” olduqca mühüm siyasi sənəd kimi dəyərləndirilir. Bu sənəd ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.
Hər iki ölkə rəsmisi arasında keçirilmiş görüşdə müxtəlif sahələr üzrə razılaşmalar əldə olunmuş və vacib sənədlər imzalanmışdır. Aparılmış danışıqlar Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu tərəfdaşlıq ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlərdə dərinləşə bilər”.
O, həmçinin qeyd edib ki, energetika sahəsində imzalanmış sənədlər və aparılmış müzakirələr göstərir ki, yaxın gələcəkdə bu istiqamətdə əməkdaşlıq daha da genişlənəcək: “Tezliklə keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Komissiyanın iclası, Vyetnam şirkətlərinin Azərbaycana, Azərbaycanın isə neft şirkətləri vasitəsilə Vyetnama sərmayə yatırımı üçün imkanlar yaradacaq və bu istiqamətlərdə əməkdaşlığı sürətləndirəcək.
İmzalanmış sənədlərdən biri bərpaolunan enerji növlərinin istehsalına aiddir. Azərbaycanın bu sahədə geniş potensialı mövcuddur. Təmiz enerji üzrə imzalanmış kontraktların icrası nəticəsində ölkəmiz yaxın 5 ildə 6500 meqavat gücündə əlavə enerji istehsal edəcək. Vyetnam şirkətlərinin bu sahəyə yatıracağı investisiyalar isə həm layihələrin miqyasını böyüdəcək, həm də Azərbaycanın iqtisadi inkişafına töhfə verəcəkdir”.
Vəliyeva əlavə edib ki, müdafiə sənayesi sahəsində də əməkdaşlığın inkişafı gündəmdədir: “Həm Azərbaycanda, həm də Vyetnamda bu sahə kifayət qədər inkişaf etmişdir və bu istiqamətdə birgə müəssisələrin yaradılması, təcrübə mübadiləsi və texnoloji əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaqdır.
Vyetnamla Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti də təqdirəlayiqdir. Vyetnam vaxtilə Azərbaycanı BMT Təhlükəsizlik Şurasında dəstəkləmişdir və buna görə ölkəmiz bu dostluq jestini yüksək qiymətləndirir. Eyni zamanda, iki dövlət Qoşulmama Hərəkatı çərçivəsində də fəal əməkdaşlıq edir. Beynəlxalq hüququn aliliyi, ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipləri üzrə ortaq mövqeləri paylaşırlar. Hər iki tərəf münaqişələrin sülh yolu ilə, danışıqlar vasitəsilə həllini dəstəkləyir”.
Deputat sonda bildirib ki, müzakirə olunan mühüm mövzulardan biri də nəqliyyat infrastruktur layihələri olmuşdur: “Azərbaycan və Vyetnam həm Şimal–Cənub, həm də Şərq–Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarətin genişlənməsinə töhfə verə bilərlər.
Keçirilmiş görüşlər, qəbul olunmuş qərarlar və imzalanan sənədlər onu göstərir ki, hər iki dövlət bütün istiqamətlər üzrə ortaq mövqedən çıxış edir və əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətindədir. Siyasi, iqtisadi və digər sahələrdə mövcud olan bu uyğunluq, Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşəcəyindən xəbər verir”.
Həmayıl Şükürlü
19:17 12.05.2025
Oxunuş sayı: 1800