Yaşar Gülər Azərbaycana gəlir -Deputat gözlənilən səfərdən danışdı

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edəcək. Bu barədə "TRT Haber" məlumat yayıb.Bildirilib ki, nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək Nazirlər Kabinetinin iclasından sonra Bakıya yola düşəcək.Səfər çərçivəsində onun bir sıra görüşlər keçirəcəyi qeyd olunub.
Gözlənilən səfər və onun mümkün nəticələri barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa söyləyib ki, Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq intensiv xarakter daşıyır: "Bu çərçivədə hər iki ölkənin müdafiə nazirlərinin vaxtaşırı səfərləri strateji müttəfiqliyin göstəricisi kimi qiymətləndirilir. Bu tipli səfərlər hər iki dövlətin maraqlarına xidmət edən işgüzar və rəsmi addımlardır. Azərbaycan və Türkiyə arasında keçirilən birgə hərbi təlimlər, müdafiə nazirlərinin görüşləri qarşılıqlı etimad və hərbi-strateji koordinasiyanın mühüm hissəsidir".
Millət vəkili qeyd edib ki, bu cür əlaqələrin davamlılığı ölkələr arasında münasibətlərin daha da inkişafına səbəb olur: "Hesab edirəm ki, hər bir səfər və görüşdən sonra münasibətlərimiz daha da möhkəmlənir. Bu baxımdan bu səfərləri müsbət qiymətləndirirəm. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq son illərdə daha da dərinləşib. Təkcə təlimlər deyil, eyni zamanda müdafiə sənayesi sahəsində də birgə təşəbbüslər gündəmdədir. Bu da iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir".
Aydan Quliyeva
15:14 12.05.2025
Oxunuş sayı: 988