Estoniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib






Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Crossmedia.az Səfirliyə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov çıxışında Ümummilli Liderin şərəfli ömür yolundan, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışıb.
Vurğulanıb ki, məhz Heydər Əliyevin tarixi xidmətləri nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub, xarici siyasət sahəsində mühüm nailiyyətlər əldə edilib. Ulu Öndərin özünün banisi olduğu yeni neft strategiyası Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında həlledici rol oynayıb. Bu strategiyanın tərkib hissəsi kimi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın gələcək uğurlu inkişafı üçün yeni üfüqlər açıb.
Qeyd edilib ki, Heydər Əliyevin ən böyük arzusu və vəsiyyəti işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası idi. Məhz buna görə sevindirici haldır ki, Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilən bu ildə Heydər Əliyevin anadan olmasının ildönümü Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində keçirilir.
Həmçinin bildirilib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın dünya miqyasında nüfuzu daha da artır, ölkəmiz irimiqyaslı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.
Sonra çıxış edən Estoniya parlamentinin üzvü, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mariya Yufereva-Skuratovski dahi lider və dövlət xadimi Heydər Əliyevə həsr olunmuş tədbirdə iştirak etməkdən qürur hissi keçirdiyini bildirib, Ulu Öndərin həyatının və irsinin Vətənə, xalqa bağlılığın əbədi nümunəsi olduğunu vurğulayıb. O, həmçinin Heydər Əliyevin təkcə uzaqgörən lider kimi deyil, həm də Azərbaycanın davamlı inkişafının və rifahının memarı kimi tarixə düşdüyünü qeyd edib. Cəmi bir neçə ay əvvəl Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkibində ölkəmizdə səfərdə olan M.Yufereva-Skuratovski Heydər Əliyevin əziz xatirəsinin necə dərin ehtiramla anıldığını özünün şahid olduğunu bildirib.
Sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan film və sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsus “Elegiya” musiqi əsəri nümayiş edilib. Eyni zamanda, tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgisi ilə tanış olublar.
Tədbirdə Estoniyadakı diplomatik korpusun rəhbərləri və nümayəndələri, Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
16:53 07.05.2025
Oxunuş sayı: 834