Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib


Mayın 6-da Azərbaycanın İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Prabovo Subiantoya təqdim edib.
Crossmedia.az Səfirliyə istinadən məlumat verir ki, Ramil Rzayev yerli medialara müsahibəsində qədim və zəngin mədəniyyətə, gözəl təbiətə və güclü iqtisadiyyata malik, müstəqil siyasət yürüdən İndoneziya kimi bir ölkəyə səfir təyin olunmasından fəxarət hissi keçirdiyini qeyd edib. İki ölkə arasındakı əlaqələrə toxunan səfir əməkdaşlığın müxtəlif sahələrdə mövcud olduğunu vurğulayaraq, fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirəcəyini diqqətə çatdırıb. O, eyni zamanda, ölkələrarası münasibətlərin dərinləşdirilməsi məqsədilə bu il hər iki dövlətin xarici işlər nazirlikləri arasında Bakıda siyasi məsləhətləşmələrin keçiriləcəyini, eləcə də Azərbaycandan yüksəksəviyyəli rəsmilərdən ibarət nümayəndə heyətinin İndoneziyaya səfərinin gözlənildiyini bildirib.
Rəsmi mərasimdən sonra səfir Ramil Rzayevlə ölkə Prezidenti Prabovo Subianto arasında görüş keçirilib.
17:36 06.05.2025
Oxunuş sayı: 745