Azərbaycan-Suriya əlaqələri genişlənir: Samir Şərifovun səfəri diqqət mərkəzindədir

Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun Suriyaya gerçəkləşən səfəri və bu çərçivədə ölkənin keçid dövrü prezidenti Əhməd əl-Şaraa ilə keçirilən görüşü diqqətçəkən diplomatik hadisələrdən biri kimi qiymətləndirilir. Səfər zamanı iki ölkə arasında hansı əməkdaşlıqların qurulması, müzakirə edilən məsələlər maraq doğurur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib: "Suriyanın sabiq prezidenti Bəşər Əsədin hakimiyyəti dövründə Suriya açıq şəkildə Ermənistanı dəstəklədiyinə görə Azərbaycan-Suriya münasibətləri soyuq idi və Azərbaycanın Suriyada diplomatik səfirliyi fəaliyyət göstərmirdi. Yeni hakimiyyət isə Azərbaycanla münasibətlərin qurulmasında maraqlıdır. Azərbaycan prezidenti cənab İlham Əliyev bir müddət əvvəl Türkiyədə keçirilən forumda Suriyanın prezidenti Əhməd əl-Şaraa ilə münasibətləri inkişaf etdirmək barədə razılığa gəlmişdi. Suriyanın bərpa edilməsində Türkiyə aparıcı rola malikdir. Azərbaycan bu məsələdə Türkiyə ilə birgə fəaliyyət göstərəcək. Suriyanın neft-qaz və energetika sahəsində Azərbaycanın köməyinə ehtiyacı var. Azərbaycan da öz zəngin təcrübəsilə Suriyaya kömək olacaq. Baş nazirin müavini Samir Şərifovun Suriyaya səfəri və rəsimlərlə görüşü ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, bərpa prosesində Azərbaycanın konkret iştirakı və digər məsələlərdə əməkdaşlıq nəzərdən keçirilib. Bu səfər çox müsbətdir və iki ölkənin əlaqələrinin inkişafına təkan verəcək".
Ayhan Ağarzayev
19:39 05.05.2025
Oxunuş sayı: 847