Zərifə Əliyevanın 102-ci ildönümündə İrpendə poliklinikanın rəsmi açılışı olub








Aprelin 28-də Ukraynanın İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar təntənəli tədbirlər keçirilib.
Crossmedia.az xəbər verir ki, ilk öncə müharibə zamanı dağılmış İrpen şəhər poliklinikasının Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmirindən sonra rəsmi açılışı olub. Açılış mərasimində Ali Radanın deputatları, xarici ölkələrin Ukraynadakı diplomatik korpusunun rəhbərləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, akademik Zərifə Əliyeva adına 12 saylı “Linqvstik” liseyin kollektivi, ölkənin ictimai fəalları, yerli media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə ehtiram ifadə ediblər. Liseyin direktoru Valentina Antonenko Zərifə Əliyevanın fəaliyyət və yaradıcılığından danışdıqdan sonra şagirdlər Azərbaycan və Ukrayna dillərində şeirlər səsləndiriblər.
Daha sonra poliklinikanın açılış mərasimində çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, İrpendə fəal hərbi döyüşlər zamanı ciddi ziyan dəymiş şəhər poliklinikasının bərpası başa çatdırılaraq, rəsmi olaraq Ukrayna hakimiyyət orqanlarına təhvil verilir. Bu tibb müəssisəsi Azərbaycan hökumətinin dəstəyi və Ukraynanın enerji sektorunda aparıcı Azərbaycan brendi olan “SOCAR Ukraine” şirkətinin maliyyə dəstəyi ilə təmir edilib. Son il yarım ərzində klinikanın fasadları və dam örtüyü yenilənib, bütün pəncərələr dəyişdirilib, müasir yanğından mühafizə və havalandırma sistemləri quraşdırılıb. Eyni zamanda, obyektin zirzəmisində tamamilə yeni sığınacaq tikilib.
“Yenilənmiş poliklinikanı təqdim etməklə biz “Linqvist” liseyinin tam yenidən qurulmasından sonra İrpendə ikinci infrastruktur layihəsini artıq başa çatdırmışıq. Amma biz bunlarla dayanmaq fikrində deyilik. Azərbaycanla Ukrayna arasında əsl dostluq və möhkəm tərəfdaşlıq rəmzinə çevrilmiş bu gözəl şəhərdə yaxın aylarda Azərbaycan daha dörd irimiqyaslı yenidənqurma layihəsi həyata keçirməyi planlaşdırır. Müharibə başlayandan Azərbaycan Ukraynaya həm siyasi, həm də humanitar dəstək verib. Bu layihə enerji təhlükəsizliyi, uşaqların reabilitasiyası, humanitar minatəmizləmə və Ukraynanın bərpası kimi sahələri əhatə edən Azərbaycanın Ukraynaya çoxşaxəli humanitar yardımının bir hissəsidir. Azərbaycana humanitar yardımın həcmi 42 milyon ABŞ dolları təşkil edib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Ukraynaya humanitar yardımını davam etdirməyə hazırdır”, - deyə səfir əlavə edib.
Seymur Mərdəliyev, həmçinin bildirib ki, poliklinikanın təntənəli açılışı bu gün doğum gününü qeyd etdiyimiz görkəmli Azərbaycan oftalmoloqu, akademik Zərifə xanım Əliyevanın irsinə həsr edilir. Zərifə xanım Əliyevanın adını daşıyan şəhərdəki küçə, “Linqvistik” lisey və park, habelə akademikin parkda ucaldılan heykəli onun İrpendəki inanılmaz irsinin etirafına xidmət edir və bütün bunlar Azərbaycanla bu şəhər arasında dostluğun simvoludur. Zərifə xanım Əliyevanın irsini yaşadan bir şəhərdə onun yubileyini təntənəli şəkildə qeyd etmək şərəfdir.
Tədbirdə çıxış edən Ukrayna Baş nazirinin ərazilərin bərpası üzrə müavini Oleksiy Kuleba, Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Mikola Kalaşnik, Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk, Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko, Ukraynanın səhiyyə nazirinin müavini İqor Kopaç müharibə zamanı Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, Azərbaycan tərəfdaş ölkə kimi ağır günlərdə hər zaman Ukraynaya öz yardım əlini uzadıb. İndi də bu humanitar yardımlar davam edir.
Açılış mərasiminin sonunda iştirakçılar əsaslı təmirdən çıxmış poliklinika ilə, o cümlədən müasir tipli sığınacaqla tanış olublar.
16:40 28.04.2025
Oxunuş sayı: 638