Milli mətbuatımızın 150 illiyi dövlətçilik tariximizin şərəfli səhifəsidir – DEPUTAT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda medianın çağdaş dövrdə qarşılaşdığı yeni vəzifələr, rəqəmsallaşma, süni intellektin tətbiqi və dezinformasiya ilə mübarizə kimi məsələlər ön plana çəkilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, bu il milli mətbuatımızın yaranmasının 150-ci ildönümünü qeyd edəcəyik. Deputatın sözlərinə görə, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb.
V.Rəhimzadə qeyd edib: “Milli mətbuatımız Zərdabi ənənələrinə söykənərək hər dövrün tələblərini uğurla yerinə yetirməklə müasir inkişaf səviyyəsinə gəlib çatıb. Dövrün, zamanın çağırışları müxtəlif olsa da, mətbuatın prinsipləri dəyişməzdir. Qərəzsizlik, obyektivlik, vətənpərvərlik, dövlət maraqlarını hər zaman uca tutmaq prinsiplərini fəaliyyətində mühüm dəyərlər kimi hər zaman öndə saxlayan müstəqil mətbuatımız çətin və şərəfli yol keçərək daim dövrün reallıqlarının təbliğatçısı olub.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuata diqqət və qayğıda da özünün aydın ifadəsini tapıb. Tarixi Zəfərimizdən sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib.
Ölkə mediasının 150 illiyinin ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda qeyd edilməsi böyük qürurdur. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.
Amma Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və sair mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.
Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır. Yeni dövrdə qarşıya qoyulan yeni hədəflərin həyata keçirilməsində üzərimizə düşən vəzifələri yerinə yetirmək üçün dövlət maraqlarını hər zaman uca tutaraq səylərimizi daha da artırmalı, müasir texnologiyaların tətbiqini genişləndirməklə qalib Azərbaycanın həqiqətlərinin təbliğində öndə olmalıyıq”.
Toğrul
20:10 26.04.2025
Oxunuş sayı: 1073