MŞ sədri: "Azərbaycan Prezidentinin sərəncamı mətbuatımıza verilən yüksək dəyərin ifadəsidir"

Azərbaycan mətbuatı 150 illik tarixində çətin və şərəfli yol keçib. Bu gün Azərbaycan mediası öz tipologiyası, informasiya siyasəti və cəmiyyətə təsir gücü ilə seçilir və müasir dövrün çağırışlarına cavab verir.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sənəddə milli mətbuatın ölkənin ictimai fikir və dövlətçilik tarixindəki roluna verilən yüksək qiymət və jurnalistikanın gələcək inkişaf istiqamətləri öz əksini tapıb.
Crossmedia.az qeyd edir ki, bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid özünün Facebook səhifəsində paylaşım edərək, Prezidentin bu Sərəncamını Azərbaycan mediasına göstərilən ardıcıl diqqət və qayğının növbəti nümunəsi kimi dəyərləndirib. O bildirib ki, “Sərəncam, Ulu öndər Heydər Əliyevin milli mətbuatın yubileylərinin qeyd olunması ilə bağlı müstəqillik dövründə yaratdığı ənənənin davamı və müasir dövrdə jurnalistikanın yeni vəzifələrinin müəyyən edilməsidir”.
R. Məcid əlavə edib ki, Prezident İlham Əliyevin Sərəncamda Vətən müharibəsi dövründə mediamızın vətənpərvər mövqe tutaraq informasiya müharibəsində fəal rol oynamasını xüsusi qeyd etməsi jurnalistlər üçün həm stimul, həm də böyük məsuliyyət yaradır.
O, vurğulayıb ki, sənəddə mediamızın müasir informasiya tendensiyaları ilə ayaqlaşması, dövlət maraqlarını uca tutması və dünya düzənində Azərbaycanın mövqeyinin möhkəmlənməsində rol oynaması kimi mühüm məqamlar da ön plana çəkilib.
“Bu Sərəncam həm milli mətbuatımıza verilən yüksək dəyərin, həm də jurnalistikamızın gələcəyinə inamın ifadəsidir”, – deyə R. Məcid bildirib.
Toğrul Əhmədzadə
14:13 26.04.2025
Oxunuş sayı: 1239