Yağıntıların qeyri-bərabər paylanması kənd təsərrüfatı üçün problem yaradır

Millət vəkili Pərvanə Vəliyeva 23 apreldə Milli Məclisdə keçirilən "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə çıxış edərək iqlim dəyişmələrinin, ətraf mühitə təsirlərinin ərzaq və su təhlükəsizliyinə mənfi təsirlərindən danışıb.
Crossmedia.az xəbər verir ki, o, iqlim dəyişmələri və su ehtiyatlarının azalması ilə bağlı narahatlıqların kənd təsərrüfatı sektoruna, xüsusilə də ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərdiyini vurğulayıb:
“Son illərdə dünya üzrə müşahidə olunan quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Bu, yalnız Azərbaycanın problemi deyil, qlobal ekoloji tarazlığın pozulmasının nəticəsidir. Qlobal istiləşmə bitkilərin böyüməsini ləngidir, bu da kənd təsərrüfatına geniş təsir göstərərək ərzaq təhlükəsizliyini risk altına qoya bilər. COP29 zamanı ərzaq təhlükəsizliyi əsas müzakirə mövzularından biri olub. Milli Məclislə Parlamentlərarası İttifaqın birgə təşkil etdiyi “Səhiyyə və ərzaq təhlükəsizliyi” adlı sessiyada iqlim dəyişmələrinin dünya ərzaq təhlükəsizliyinə mənfi təsirləri və adaptasiya tədbirlərinin dayanıqlı kənd təsərrüfatına töhfəsi müzakirə olunub”.
Deputatın sözlərinə görə, Azərbaycanda yağıntıların qeyri-bərabər paylanması kənd təsərrüfatı üçün problem yaradır:
“Aqrotexniki tədbirlərin keyfiyyətli aparılmasına baxmayaraq, bitkilərin böyümə dövrlərində yağıntının az olması məhsuldarlığa və keyfiyyətə mənfi təsir göstərir. Hazırda suvarma suyuna olan tələbatın yalnız 20%-i daxili ehtiyatlar hesabına ödənilir, qalan 80%-i isə tranzit suların payına düşür. İndi Həkəriçay, Bərgüşad və Araz çaylarının üzərində su anbarlarının tikilməsi nəzərdə tutulur. Ancaq bunu da qeyd etmək lazımdır ki, bu üç çay da tranzit çaylarımızdır və Ermənistanın qanunsuz və ekoloji normaları pozan dağ-mədən sənayesi fəaliyyəti nəticəsində uzun illərdir ağır metallarla çirkləndirilir. Bu sahədə advokasiyamızı artırmalıyıq. Çirklənmiş suyun ətraf mühitə, bitkilərə və heyvanlara dolayısı ilə təsiri nəticəsində baş verir. Bioakkumulyasiya və biomagnifikasiya nəticəsində ağır metallar balıqlarda, iribuynuzlu heyvanlarda və digər kənd təsərrüfatı məhsullarında yığılır. İnsanlar bu məhsulları yedikdə tədricən sağlamlıqlarına zərər dəyir. Çirkli su ilə suvarılan bitkilər (tərəvəz, meyvə və taxıllar) bu metalları udur. Nəticədə, bu qidaların uzun müddət qəbulu qaraciyər, böyrək və sümük problemlərinə səbəb ola bilər”,- deyə P.Vəliyeva fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
17:12 23.04.2025
Oxunuş sayı: 1517