Prezident İlham Əliyev Çin xalqının səmimi dostudur - Səfir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin xalqının səmimi dostudur.
Crossmedia.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Meyin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.
Prezident İlham Əliyevin Çinə dövlət səfərindən danışan səfir vurğulayıb ki, bu səfər Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verəcək və hər iki xalqın mənafeyinə xidmət edəcək.
"Çin Xalq Respublikasının Azərbaycandakı səfiri kimi fəaliyyətə yenicə başladığım bir vaxtda bu cür əhəmiyyətli və tarixi hadisə - yüksək səviyyəli dövlət səfərinin şahidi olmaq mənim üçün böyük şərəfdir. Əminəm ki, bu səfər tam uğurla keçəcək. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə dövlət başçılarının razılaşmalarının həyata keçirilməsi və hər iki ölkənin və xalqlarının rifahı naminə Çin–Azərbaycan münasibətlərinin yüksək səviyyədə davamlı inkişafının təmin olunması üçün birgə səylər göstərməyə hazırdır", - məqalədə bildirilir.
L.Mey qeyd edib ki, Çin və Azərbaycan strateji tərəfdaşdırlar.
"Son illər iki ölkənin dövlət başçılarının xüsusi diqqəti və birbaşa qayğısı nəticəsində Çin–Azərbaycan münasibətləri inkişafda müsbət dinamikanı qoruyub saxlayır. Siyasi qarşılıqlı etimad getdikcə daha da möhkəmlənir, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində və beynəlxalq arenada əməkdaşlıq sahəsində müştərək, səmərəli və məsuliyyətli nəticələr əldə olunub", - məqalədə deyilir.
Çin səfiri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyini də vurğulayıb.
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın müasirləşməsi prosesinin memarı olmaqla yanaşı, Çin–Azərbaycan dostluğunun da əsasını qoyub. Çin ilə münasibətləri ölkənin xarici siyasətində prioritet istiqamət kimi dəyərləndirən Heydər Əliyev ikitərəfli münasibətlərin uzunmüddətli, sağlam və sabit inkişafı üçün möhkəm təməl yaradıb və buna töhfə verib", - məqalədə deyilir.
L.Mey qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinlə münasibətlərin inkişafına böyük önəm verir və Çin xalqının səmimi dostudur.
"Çin Xalq Respublikasının Sədri Si Cinpin və Prezident İlham Əliyev dəfələrlə görüşüb, yaxşı işgüzar münasibətlər və dərin, səmimi şəxsi dostluq qurublar. Gələcəyə baxarkən əminliklə demək olar ki, Çin–Azərbaycan strateji tərəfdaşlığı geniş perspektivlərə malikdir. Çin Xalq Respublikasının Azərbaycandakı yeni səfiri kimi mən öz vəzifəmi vicdanla yerinə yetirərək, qətiyyətli səylərlə iki ölkə arasında dostluq münasibətlərinin, praqmatik əməkdaşlığın və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına töhfə verməyə məqsədyönlü şəkildə çalışacağam.
Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə əlaqələrin möhkəmləndirilməsini səbirsizliklə gözləyirik. Qarşılıqlı anlaşmanın daha da dərinləşəcəyinə inanırıq və Çin–Azərbaycan strateji tərəfdaşlığının yeni inkişaf mərhələsinə qədəm qoyması üçün töhfə vermək yolunda səylərimizi əsirgəməyəcəyik", - o bildirib.
18:10 22.04.2025
Oxunuş sayı: 786