Trampın tarifləri Avropa ilə Çin arasında yaxınlaşmaya səbəb ola bilərmi?

Donald Trampın gömrük vergilərinin yaratdığı xaos, Avropa İttifaqı ilə Çin arasında yaxınlaşmanın baş verəcəyi ilə bağlı ehtimalları artırıb. Lakin reallıq bu ehtimalları çətinləşdirə bilər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Çin bəziləri üçün müasir dövrün ən böyük çətinliklərini həll edə biləcək “əhəmiyyətli bir tərəfdaş”, digərləri üçün isə 1945-ci ildən bəri Avropada baş verən ən böyük silahlı münaqişənin arxasında dayanan “əsas dəstəkçi” kimi görünür. Bu, kimdən soruşduğunuzdan asılıdır.
Donald Trampın Ağ Evə qayıdışı bütün dünyada sarsıdıcı dəyişikliklərə səbəb olub və ölkələr onun qəfil qərarlarına qarşı yeni ittifaqlar və mövqelər axtarırlar. Trampın tətbiq etdiyi gömrük tarifləri isə xüsusilə Avropa İttifaqı üçün sarsıdıcı olub. AB məhsulları indi minimum 10% vergi ilə qarşılaşır, polad, alüminium və avtomobillərə isə əlavə 25% cərimə vergisi tətbiq olunub.
Bu vəziyyət Avropa Komissiyası rəhbəri Ursula fon der Leyenin Çin Baş naziri Li Çianq ilə telefon danışığı aparmasına səbəb olub. Tərəflər sərbəst və ədalətli ticarət sisteminin vacibliyini vurğulayıblar. Çin isə bu münasibətləri “sabit artım” kimi qiymətləndirib.
İspaniya Baş naziri Pedro Sançes də Pekinə səfər edərək Çin lideri Si Cinpinlə görüşüb və Çinlə əməkdaşlığa açıq olduqlarını bildirib. Eyni zamanda, Avropa və Çin elektrikli avtomobillərlə bağlı uzun müddətdir davam edən mübahisəni həll etmək üçün “qiymət öhdəlikləri” məsələsini yenidən müzakirə ediblər.
Lakin Avropa ilə Çin arasında yaxınlaşma cəhdləri Pekinin Rusiyaya dəstəyi səbəbilə çətinləşir. Ukrayna Prezidenti Volodimir Zelenskiy Çin vətəndaşlarının Rusiya tərəfində döyüşdüyünü açıqlayıb. Çin isə bu iddiaları rədd edib və vətəndaşlarını münaqişə zonalarından uzaq durmağa çağırıb.
Avropa liderləri Çinlə münasibətlərdə fikir ayrılığı yaşayır. Bəziləri əməkdaşlığı dəstəkləsə də, digərləri ehtiyatlı yanaşır. Çinlə bağlı fikir ayrılıqları 27 üzv dövlət arasında vahid mövqenin formalaşmasını çətinləşdirir.
Ekspertlər bildirirlər ki, AB-nin məqsədi yalnız əməkdaşlıq yox, həm də Pekinlə yeni şərtlər əsasında danışıqlar aparmaq və Avropa iqtisadiyyatına daha çox dəyər qatacaq razılaşmalara nail olmaqdır. Bunun baş tutub-tutmayacağı isə hələlik bəlli deyil.
Fatimə Nəbiyeva
15:00 12.04.2025
Oxunuş sayı: 1333