Xəzərdə baş verən ekoloji fəlakət bütün sahilyanı dövlətləri narahat etməlidir -Açıqlama

“Xəzər dənizində suyun səviyyəsinin azalması son illər xeyli güclənib. Bu, narahatedici proses Xəzərətrafı bütün ölkələrdə müşahidə olunur.
Xəzərdə suyun sürətlə geri çəkilməsi nəticəsində quru sahələr meydana çıxır. Son illər sahilyanı torpaq ərazilərin sahəsi də genişlənib. Müşahidələrə görə, Xəzərdə suyun səviyyəsi 1990-cı illərin ortalarından azalır.
Dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib. Maraqlıdır ki, 50 il öncə bu proses tərsinə gedirdi. 1978-dən 1995-ci ilə qədər Xəzər dənizinin səviyyəsi artıb. Həmin vaxt 50 min hektar ərazimiz su altında qalmışdı. İndi isə Xəzəri geri çəkilməsi nəticəsində 40 min hektardan artıq quru əraziləri yaranıb”.
Bunu Crossmedia.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Ekoloq deyib ki, Xəzərdə suyun çəkilməsinin əsas səbəblər sırasında qlobal iqlimdəyişiklikləri və antropogen təsirlər var.
“Xəzərdə su səviyyəsinin azalması onu qidalandıran çaylarda su balansının pozulması ilə bağlıdır. Xəzərə müxtəlif çaylar tökülür. Lakin Xəzəri qidalandıran çay sularının 80 faizdən çoxu Volqa çayının payına düşür. Volqa hövzəsində yağıntının normadan az düşməsi və may üzərində su bəndlərinin tikilməsi çayda suyun səviyyəsini aşağı salıb. Bundan başqa alimlərin fikrincə, Volqa çayında suyun azalmasının bir səbəbi də Atlantik okeanından daxil olan hava kütlələri gəlib Volqa çayına çatmır. Son araşdımalara görə, bu qlobal iqlim fəsadları 2052-ci ilə qədər davam edəcək. Deməli Xəzər dənizində də suyun geriçəkilməsu, quru sahələrinin üzə çıxması prosesi həmin vaxta qədər dayanmayacaq”.
QHT sədri bildirib ki, Xəzərdə baş verən ekoloji fəlakət bütün sahilyanı dövlətləri narahat etməlidir: “Bu, təkcə Azərbaycanın problem deyil. Doğrudur Rusiya böyük okeanlarla, dənizlərlə əhatə olunub. Lakin Xəzərdə baş verən ekoloji fəlakət hər bir dövlət təsir göstərəcək. Bir zamanlar dənizin içərisinə olan qayalıqlar üzə çıxıb. Xəzərin qurumasının qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinin artırılmasına ehtiyac var”.
E.Cəfərli deyib ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi balıqçılıq təsərrüfatına, nəqliyyat infrasturukturuna
böyük ziyan vurur, süni miqrasiyaya yol açır: “Balıq təsərrüfatında çalışan insanlar iş yerlərini itirir və sahil ərazilərindən başqa yerlərə köç edirlər. Sahil ərazilərində gəmilərin hərəkəti çətinləşir. Xəzərdə suyun geri çəkilməsi ciddi ekoloji fəlakətə yol aça bilər. Ona görə də birgə tədbirlərə ehtiyac var”.
15:03 23.08.2025
Oxunuş sayı: 1191