Gümrüdə iki aksiya: Rusiya bazasına qarşı etiraz və dəstək

Gümrü şəhərində bir gündə Rusiya hərbi bazası ətrafında iki aksiya keçirilib. Bu hadisə Ermənistan cəmiyyətindəki fikir ayrılıqlarını açıq şəkildə göstərib.
Crossmedia.az bildirir ki, əvvəlcə küçələrə “Respublika naminə” partiyasının fəalları çıxıb. Onlar “Faşistlər!” və “Rusiya, Ermənistandan çıx!” kimi şüarlar səsləndiriblər. Etirazçılar açıq şəkildə bildiriblər ki, rus hərbçilərinin Ermənistanda yeri yoxdur. Gümrü kimi illərdir baza ilə bağlı olan şəhərdə belə, artıq əhali bu vəziyyətdən yorulduğunu dilə gətirib.
Bundan dərhal sonra isə bazaya dəstək məqsədilə başqa bir aksiya təşkil olunub. Bu dəfə “Ana Ermənistan” blokunun üzvləri “102-ci bazaya toxunmayın” şüarları ilə çıxış ediblər. Müşahidəçilərə görə, bu aksiyanın məqsədi etiraz səsini zəiflətmək və Moskvanın dəstəyini nümayiş etdirmək olub.
Ekspertlərin fikrincə, Rusiyaya dəstək Ermənistanda səmimi deyil, süni şəkildə yaradılır. Xalq arasında isə getdikcə daha çox “çıxın” çağırışları eşidilir. Gümrü bu gün Ermənistanda iki yanaşmanın aynasıdır: bir tərəf hələ də keçmişə bağlı qalaraq Kremlin “müttəfiqliyinə” ümid edir, digər tərəf isə rus hərbçiləri olmadan gələcək istəyir.
Mehriban Yariyeva
20:34 23.08.2025
Oxunuş sayı: 670