Kanada Aİ ilə YENİ İTTİFAQ təklif edir: Karni Avropaya səsləndi
Kanadanın Baş naziri Mark Karney Kanada ilə Avropa İttifaqı arasında ticarət, müdafiə, enerji və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Karney bu fikirləri Fransanın Strasburq şəhərində Avropa Parlamentində çıxışı zamanı səsləndirib. O, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Kanadanın Aİ-nin ilk “assosiativ üzvü” olması ilə bağlı təklifini alqışlayıb və bunu “gələcək üçün ittifaq” adlandırıb.
Kanada Baş naziri bildirib ki, daha sıx əməkdaşlıq geosiyasi gərginliklərin artdığı bir dövrdə ölkələrin suverenliyinin qorunmasına və xarici təsirlərə qarşı dayanıqlılığın gücləndirilməsinə xidmət edə bilər.
Karney iqtisadi inteqrasiyanın getdikcə siyasi və iqtisadi təsir vasitəsinə çevrildiyini qeyd edib. Onun sözlərinə görə, ölkələr xarici şoklara qarşı daha davamlı sistemlər qurmalıdır.
Kanada və Aİ arasında artıq hərtərəfli iqtisadi və siyasi əlaqələr mövcuddur. Tərəflər arasında Hərtərəfli İqtisadi və Ticarət Sazişi, həmçinin Strateji Tərəfdaşlıq Sazişi qüvvədədir.
Kanada, həmçinin Aİ-nin SAFE müdafiə təşəbbüsündə iştirak edən ilk Avropa ölkəsi olmayan dövlət olub.
Əməkdaşlığın yeni istiqamətləri
Karney əməkdaşlığın ənənəvi ticarət əlaqələri ilə məhdudlaşmamasını təklif edib. O, kritik minerallar, müdafiə sənayesi, süni intellekt, enerji təhlükəsizliyi, kosmik sahə və maliyyə sistemləri üzrə daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Baş nazir bildirib ki, süni intellektə, yarımkeçiricilərə, kritik minerallara, təmiz enerji texnologiyalarına və kosmik rabitəyə təhlükəsiz çıxış müasir dövrdə ölkələrin suverenliyi və iqtisadi dayanıqlığı baxımından getdikcə daha böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Kanadanın təbii ehtiyatları və kritik minerallar, enerji, süni intellekt, kvant texnologiyaları və maliyyə sahəsindəki imkanları Avropanın istehsal, tədqiqat və tənzimləmə potensialını tamamlayır.
Karney təklif olunan tərəfdaşlığın yeni geosiyasi blok yaratmaq məqsədi daşımadığını da bildirib. O, Kanada və Avropanın məqsədinin digər dövlətlər üzərində üstünlük əldə etmək deyil, açıq bazarları, demokratik institutları və milli suverenliyi qorumaq olduğunu deyib.
Kanada Baş naziri bildirib ki, tərəfdaşlıq elə güclü olmalıdır ki, heç bir dövlət iştirakçıların seçimlərini diktə edə bilməsin və eyni zamanda digər ölkələrin də bu əməkdaşlığa qoşulmasına açıq olsun.
03:45 18.09.2026
Oxunuş sayı: 49