Bankların faizi artacaq
İngiltərə Bankı uçot faiz dərəcəsini ardıcıl altıncı dəfə 3,75 faiz səviyyəsində saxlayıb, lakin yüksək enerji qiymətlərinin davam etməsi halında faizlərin artırıla biləcəyinə işarə edib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb. Bankın rəhbəri Endryu Beyli enerji qiymətlərindəki dəyişkənliyin faiz artımı ehtimalını yüksəltdiyini bildirib. ABŞ və İsrailin İrana qarşı müharibəsi qlobal enerji təchizatında pozuntulara səbəb olub, nəticədə benzin və dizelin qiymətləri, eləcə də inflyasiya artıb.
İngiltərə Bankı gələn ilin əvvəlində inflyasiyanın 4 faizdən bir qədər yüksək olacağını proqnozlaşdırıb. Bank həmçinin yanvar ayında ev təsərrüfatları üçün qaz və elektrik enerjisi tariflərinin əhəmiyyətli dərəcədə artmasının gözlənildiyini açıqlayıb.
Bununla yanaşı, qurum Böyük Britaniya dövlət istiqrazlarının satışını yavaşladacağını bildirib. Bu qərardan sonra ölkədə uzunmüddətli borclanma xərclərində azalma müşahidə olunub. İngiltərə Bankının əsas faiz dərəcəsi bankların və digər maliyyə qurumlarının kredit və əmanət faizlərini müəyyənləşdirməsində əsas göstəricilərdən biridir.
22:17 17.09.2026
Oxunuş sayı: 47