Rusiya Şimali Koreya hərbçilərini Ukrayna sərhədinə göndərməyə hazırlaşır
Rusiya ordusunun Sumı və Xarkov istiqamətlərindəki bəzi bölmələrini Şimali Koreya hərbçiləri ilə əvəzləməyə hazırlaşdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bu barədə məlumat yayıb.
Məlumata görə, bu addım Rusiyanın azad edəcəyi hərbi qüvvələri Donetsk vilayətinin Liman istiqamətinə, Ukrayna ordusunun əks-hücumları nəticəsində itirilən mövqelərin bərpası üçün yönəltməsinə imkan verə bilər.
ISW-nin istinad etdiyi mənbənin məlumatına görə, Şimali Koreyadan olan bəzi zabitlər artıq Ukrayna sərhədi yaxınlığında kəşfiyyat fəaliyyəti aparıblar. Bununla belə, ISW hazırda Şimali Koreya hərbçilərinin Ukrayna ərazisində yerləşdirildiyini təsdiqləyən əlamətlər qeydə almayıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, avqust ayında Rusiyada təxminən 8,5 min Şimali Koreya hərbçisi olub. Onların arasında 400-ə yaxın pilotsuz uçuş aparatı operatorunun olduğu və əsas kontingentin Kursk vilayətində yerləşdirildiyi bildirilir.
Analitiklərin qiymətləndirməsinə görə, Şimali Koreya bölmələrinin Ukrayna ərazisinə keçirilməsi Pxenyanın müharibəyə cəlb olunmasının daha da genişlənməsi demək olacaq.
21:43 17.09.2026
Oxunuş sayı: 45