Ayda nəhəng yeni krater aşkarlanıb
NASA-nın Lunar Reconnaissance Orbiter (LRO) aparatı Ayın səthində diametri 222 metr olan yeni krater aşkarlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Science Advances” jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Tədqiqatçılara görə, krater 2024-cü il aprelin 11-dən mayın 22-dək olan dövrdə asteroid və ya komet parçasının Ayın səthinə çırpılması nəticəsində yaranıb. Kosmik cismin təxminən 3-6 mərtəbəli bina ölçüsündə olduğu ehtimal edilir.
Zərbə Ayın Yerə baxan tərəfində baş versə də, həmin vaxt nə Yerdə, nə də kosmosda fəaliyyət göstərən teleskoplar hadisəni qeydə alıb.
Krater LRO-nun 2009-cu ildən apardığı müşahidələr nəticəsində müəyyən edilib. Aparatın genişbucaqlı görüntülərinin avtomatik müqayisəsi zamanı yeni krater 2025-ci ilin avqustunda aşkarlanıb. Daha yüksək ayırdetməli görüntülər isə tapıntını təsdiqləyib.
Ay üzrə alim Tomas MakGetçinlinin şərəfinə adlandırılan kraterin diametri LRO tərəfindən daha əvvəl aşkarlanmış ən böyük yeni zərbə kraterindən təxminən üç dəfə böyükdür. Araşdırmaya əsasən, belə böyük zərbələrin baş verməsi olduqca nadirdir və orta hesabla təxminən 132 ildən bir qeydə alına bilər.
Zərbə Ayın ətrafındakı səthi də əhəmiyyətli dərəcədə dəyişdirib. Tədqiqatçılar toz və süxurların bəzi modellərin proqnozlaşdırdığından daha uzağa və daha yüksək bucaq altında yayıldığını müəyyən ediblər. Dəyişikliklərin kraterin radiusundan 1000 dəfədən çox məsafəyə yayıldığı bildirilir.
Digər bir araşdırmada kraterin ətrafında 6,4 kilometr diametrində ərazidə istilik xüsusiyyətlərinin dəyişdiyi müəyyən edilib. Bu isə zərbənin Ayın üst qatındakı torpaq təbəqəsini – reqoliti boşaldaraq qarışdırdığını göstərir.
Alimlər hesab edirlər ki, tapıntı Ayda baş verən zərbələri və onun səthinin təkamülünü daha dəqiq modelləşdirmək üçün nadir imkan yaradır.
Araşdırmanın gələcək Ay missiyaları üçün də praktiki əhəmiyyəti ola bilər. NASA zərbələr zamanı səthdən atılan materialın nə qədər uzağa yayıla bildiyini öyrənməyi planlaşdırır. Bu məlumat gələcək Ay bazalarının və yaşayış məntəqələrinin layihələndirilməsi və qorunmasında mühəndislərə kömək edə bilər
Nəticələr həmçinin Ayın səthinin əvvəlki təsəvvürlərdən daha sürətlə dəyişdiyini göstərir. Bu proses davam etdikcə “Apollo” astronavtlarının Ayda buraxdığı tarixi izlərin gələcəkdə Ay torpağının davamlı qarışması nəticəsində örtülə və ya tamamilə silinə biləcəyi ehtimal olunur.
02:56 18.09.2026
Oxunuş sayı: 49