Yunanıstan parlamenti keçmiş Aİ komissarının toxunulmazlığını ləğv etdi
Yunanıstan parlamenti keçmiş Avropa komissarı Dimitris Avramopulosun deputat toxunulmazlığını ləğv edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Qərar Avramopulosun Avropa İttifaqında böyük korrupsiya qalmaqallarından biri kimi araşdırılan “Qatargate” işi üzrə Belçika hüquq-mühafizə orqanlarının qarşısında cavab verməsinə yol açır. Belçikalı hakim iyun ayında ona qarşı cinayətkar qrupda iştirak, ictimai korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə Avropa həbs orderi verib.
Parlamentdə keçirilən səsvermədə iştirak edən 266 deputatdan 264-ü toxunulmazlığın ləğvinin lehinə səs verib, iki deputat isə bitərəf mövqe nümayiş etdirib. Avramopulos ittihamları və “Qatargate” işi ilə hər hansı əlaqəsinin olduğunu rədd edir.
Avramopulosun Belçika məhkəmə orqanlarının qarşısına könüllü şəkildə çıxmağı planlaşdırdığı bildirilir. O, daha əvvəl “Fight Impunity” qeyri-hökumət təşkilatındakı fəaliyyətinin qanuni və auditdən keçmiş olduğunu bəyan edib.
22:04 17.09.2026
Oxunuş sayı: 49