İlham Əliyev: Özbəkistanın inşa etdiyi tikiş fabriki Xankəndində fəaliyyət göstərir

Özbəkistanın inşa etdiyi tikiş fabriki Xankəndində fəaliyyət göstərir.
Crossmedia.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə səsləndirib.
"Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir"- deyə , Prezident İlham Əliyev qeyd edib.
09:50 23.08.2025
Oxunuş sayı: 1670