Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər – YENİLƏNİB





Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, əvvəlcə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bəyanatla çıxış etdi.
Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun bəyanatı
-Hörmətli media nümayəndələri.
Hörmətli nümayəndə heyətlərinin üzvləri.
Xanımlar və cənablar.
İlk növbədə, Azərbaycan və Özbəkistan liderlərinə bugünkü
görüşdə iştiraklarına, yüksəksəviyyəli üçtərəfli görüşə qatılmaq üçün dəvəti qəbul
etdiklərinə görə təşəkkür etmək istəyirəm.
Bugünkü görüş çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət
daşıyır. Danışıqlar çərçivəsində əməkdaşlığın müxtəlif aspektlərini, çoxtərəfli
qarşılıqlı fəaliyyət məsələsini, - xüsusən siyasi-iqtisadi, mədəni-humanitar
sahələrdə, - müzakirə etdik. Bu gün Türkmənistan, Azərbaycan və Özbəkistan açıq
dialoq aparır, əməkdaşlıq edir və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən
BMT-də bir-birinin təşəbbüslərini dəstəkləyir. Dialoq bərabərhüquqlu əsasda, təkcə
üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsi məqsədilə
bütün region çərçivəsində aparılır.
İqtisadi ölkələrimizin əməkdaşlıq baxımından potensialını nəzərdən
keçirdik ki, bu da təkcə bizim deyil, bütün Avrasiya regionunun inkişafına töhfə
verir. Bu qarşılıqlı fəaliyyət bizə bütün regionumuz daxilində geoiqtisadi əməkdaşlığı
gücləndirməyə imkan verəcək. Bunu təsdiqləyən çoxlu misallar var. Elektrik
enerjisi sahəsində əməkdaşlığı qeyd etmək kifayətdir, burada bizim faydalı əlaqələrimiz
var.
Biz qaz sahəsində strateji tərəfdaşlığın dərinləşdirilməsinin
mühüm məsələlərini, eləcə də perspektivləri müzakirə etdik və əməkdaşlığı gücləndirməyə
hazır olduğumuz barədə razılığa gəldik.
İkitərəfli əməkdaşlığın əsas istiqaməti nəqliyyat
sektorudur. Biz “Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən
nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəldik.
Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi
imkanlarını nəzərdən keçirdik.
Çoxtərəfli dialoq çərçivəsində humanitar əlaqələri gücləndirmək
barədə razılığa gəldik. Xüsusən, təhsil, elm, idman, səhiyyə, incəsənət,
xalçaçılıq və digər sahələrdə yüksək potensial mövcuddur. Bu sahələrdə yaxşı əməkdaşlıq
təcrübəmiz var. Ümumiyyətlə, bu görüş üçtərəfli əlaqələri gücləndirmək üçün bizə
yeni imkanlar açır və bu kontekstdə qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün
çox çalışmalıyıq.
Fürsətdən istifadə edərək, iki ölkənin liderlərinə təşəkkürümü
bildirmək, Azərbaycan və Özbəkistan xalqlarına əmin-amanlıq arzulamaq istəyirəm.
Sağ olun.
Sonra Özbəkistan Prezidenti bəyanatla çıxış edib.
Prezident Şavkat Mirziyoyevin bəyanatı
-Hörmətli media nümayəndələri.
Xanımlar və cənablar.
Əvvəlcə icazə verin, türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin
sədri hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bugünkü görüşü yüksək
səviyyədə təşkil etdiyinə və səmimi qəbula görə ürəkdən minnətdarlığımı
bildirim.
İki həftə əvvəl burada, bənzərsiz Avazada Birləşmiş Millətlər
Təşkilatının mühüm forumu – Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin
III Beynəlxalq Konfransı yüksək səviyyədə keçirildi.
Beynəlxalq Sülh və Etimad İlində bizim regionumuz üçün fövqəladə
dərəcədə kəskin problemlər qlobal xarakterli diskussiyaların mərkəzində oldu.
Müsbət neytrallıq siyasətində bu böyük nailiyyət münasibətilə
qardaş türkmən xalqını bir daha təbrik edirəm.
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının
Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi və qardaş Azərbaycan xalqını
tarixi hadisə - Vaşinqton şəhərində Ermənistanla Birgə Bəyannamənin imzalanması
münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu, igid və mətanətli Azərbaycan
xalqının ümdə səylərinin həyata keçirilməsinin parlaq təzahürüdür.
Hesab edirik ki, Cənubi Qafqazda uzunmüddətli sülh və
sabitliyin bərqərar olması iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə
əməkdaşlığımızın böyük potensialının tam şəkildə açılmasına imkan verəcək.
Hörmətli jurnalistlər, vurğulamaq istərdim ki, bu gün üçtərəfli
formatda baş tutan konstruktiv və məhsuldar danışıqlar məni dərindən məmnun
edib.
Bizim görüşümüz xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın
dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş
etdirdi.
Coğrafi mövqeyi, iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə
qarşılıqlı əlaqələri nəzərə alaraq belə bir əməkdaşlıq hamımız üçün faydalı
olacaq.
Qeyd etmək istəyirəm ki, mürəkkəb qlobal siyasi proseslər və
dəyişkən dünyanın iqtisadi konyunkturası şəraitində tərəfdaşlığımız dayanıqlı
inkişafın təmin olunmasına yönəlib.
Danışıqlar zamanı nəqliyyat dəhlizlərinin inkişafı, o cümlədən
Türkmənbaşı və Bakı limanlarının imkanlarından səmərəli istifadə, birgə
logistika infrastrukturunun formalaşması məsələlərinə xüsusi diqqət yetirdik.
Milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi
məqsədilə regionumuzda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi
planlarını ətraflı müzakirə etdik. Özbəkistan bu sahədə əlaqələndirilmiş siyasətin
həyata keçirilməsinin tərəfdarıdır. Bu, ilk növbədə, tarif siyasəti və beynəlxalq
bazarlara çıxış zamanı biznes üçün əlverişli şəraitin yaradılması məsələlərinə
aiddir. Biz logistika infrastrukturunun inkişafı layihələri üzərində birgə iş
aparılması və Xəzər dənizi vasitəsilə bərə daşımaları üzrə razılığa gəldik.
Bundan başqa, üç ölkənin energetika sahəsində əməkdaşlıq
perspektivlərini nəzərdən keçirdik. Söhbət karbohidrogen yataqlarının işlənməsi
və hasil olunan elektrik enerjisinin ixracı üzrə perspektiv layihələrdən gedir.
Əmtəə dövriyyəsinin böyük həcmdə artırılması və sənaye kooperasiyası
miqyaslarının genişləndirilməsi danışıqların gündəliyində əsas yer tuturdu. Biz
razılığa gəldik ki, milli müəssisələrimizin istehsal etdiyi keyfiyyətli məhsulların
qarşılıqlı tədarükünü stimullaşdıraq.
Ölkələrimizin regionlarının potensialının daha çox cəlb
edilməsi ilə yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait
yaradılacaq. Su ehtiyatlarının rasional istifadəsi və ekoloji təhdidlərə qarşı
fəaliyyət sahələrində əməkdaşlığı genişləndirəcəyik.
Bundan başqa, turizm və mədəni mübadilə sahələrində birgə
proqramların qəbul olunmasını təklif etdik.
Əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin
reallaşdırılması üzrə iş müvafiq nazirliklər tərəfindən “Yol Xəritəsi” əsasında
həyata keçiriləcək.
Hörmətli tədbir iştirakçıları, çıxışımın sonunda vurğulamaq
istərdim ki, bugünkü tarixi görüş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın
dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin
yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət
edəcək.
Diqqətinizə görə minnətdaram.
Daha sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli Qurbanqulu Məlikquliyeviç.
Hörmətli Şavkat Miromonoviç.
Əziz dostlar.
İlk növbədə, qardaşım Qurbanqulu Məlikquliyeviçə dəvətə və
qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.
Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən
inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir. Qurbanqulu Məlikquliyeviçin
müdrik rəhbərliyi sayəsində həm Avaza, həm də bütün digər şəhər və kəndlər
inkişaf edir, abadlaşır, yeni şəhərlər salınır. Bu gün imzalanan sənədlər
arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində,
bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir
ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə
sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır.
Mənim dəvətimlə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda
səfərdə idi. Biz iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bərabər
olmuşuq və bir çox məsələləri müzakirə etmişik. Mövqelərimiz də üst-üstə düşür.
Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan
sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində
həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.
Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın
hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi
minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin
memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən
xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin
nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.
Biz bu yaxınlarda qardaşım Şavkat Miromonoviçi də eyni
qardaşlıq hissləri ilə qəbul etmişik. Xankəndidə ECO Zirvə görüşündə bərabər
idik. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük
tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq. Hazırda orada iki yüzdən çox insan
çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi
nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana,
dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci
hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar
arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri
Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında
gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc
qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək
xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə
edir.
Bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır. Bizim üçün ən
vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu
belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir,
tarixi Zirvə görüşüdür. Bunun təşəbbüskarı qardaşım Qurbanqulu Məlikquliyeviçə
bir daha təşəkkürümü bildirmək istəyirəm.
Müzakirə olunan məsələlər burada artıq qeyd olundu, onları təkrar
etmək istəmirəm. Amma bir şeyi deyə bilərəm, artıq müvafiq dövlət qurumlarına
göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti
görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər
verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika,
elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu
göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur.
Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək
istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli,
sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər,
xeyirli, uğurlu olsun. Sağ olun.
18:43 22.08.2025
Oxunuş sayı: 642