2025-ci ildə Azərbaycanda Yeni Referendum olacaq? - “Zəfər Konstitusiyası” gündəmdə - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkədə yeni konstitusiya islahatlarının keçirilməsi və referendumun baş tutması ilə bağlı müzakirələri gündəmə gətirib. Azərbaycanın tarixi Zəfərindən sonra ölkənin yeni reallıqlara uyğun “Zəfər Konstitusiyası” qəbul etməsi ehtimalları müzakirə mövzusuna çevrilib.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Crossmedia.az-a verdiyi açıqlamada məsələyə dair fikirlərini belə ifadə edib:
“Məlum olduğu kimi, prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etdi. Dövlət başçısının imzaladığı qərarda bu, 2025-ci ildə ölkə Konstitusiyasının qəbul edilməsinin 30-cu və İkinci Qarabağ müharibəsinin beşinci ildönümü ilə əsaslandırılır.
Azərbaycan Konstitusiyasında müasir sivil inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə əksini tapıb. Nəzərə alsaq ki, Konstitusiyaya dəyişikliklər məsələsi parlamentdə tez-tez qaldırılır, bu səbəbdən də Konstitusiyada dəyişikliklərin edilmə ehtimalı aktualdır. Azərbaycan dövləti hər zaman Konstitusiya islahatlarını əldə olunmuş nailiyyətlərin bazasında həyata keçirir.
Bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Ötən illər ərzində hüquqi müstəvidə də ciddi islahatlar həyata keçirilib. Bu gün də ölkəmizin hüquq sistemində çox mühüm dəyişikliklər ərəfəsindəyik. Son Konstitusiya islahatlarından bu günə kimi keçən müddət ərzində hər birimiz ölkəmizdə demokratik dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində baş verən dəyişikliklərin şahidi olmuşuq.
Təbii ki, bu inkişaf prosesi ölkəmizin əsas qanunu olan Konstitusiyada müəyyən təkmilləşdirmə xarakterli dəyişikliklərin edilməsi zərurətini şərtləndirib. Bu dəyişikliklər beynəlxalq praktikada da mövcuddur. Hər bir ölkə mövcud çağırışları, ictimai-siyasi münasibətlərin inkişaf səviyyəsini həmin ehtiyaclara uyğunlaşdırmaq məqsədilə əsas qanununa dəyişikliklər edir.
Lakin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması mütləq o demək deyil ki, konstitusiya dəyişəcək. Ancaq ola bilər ki, Konstitusiyamızda referendum yolu ilə müəyyən dəyişikliklər olsun. Müəyyən struktur islahatları, idarəetmə qurumlarında islahatlar aparılması gözləniləndir.
Xüsusilə ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub, artıq tam yeni idarəetmə modelinə keçməyin də vaxtı çatıb deyə bilərəm. Ələxsus da icra hakimiyyətləri və bələdiyyələrin idarəetməsi ilə bağlı yenidən dəyişikliklər ola bilər”.
Cəmiyyətdə gedən müzakirələr yeni konstitusiya islahatlarının mümkün istiqamətləri barədə cəmiyyətə təsəvvür yaradır və bu mövzunun yaxın gələcəkdə Azərbaycanın siyasi gündəmində mühüm yer tutacağını göstərir.
Maral Şahverdili
16:04 25.01.2025
Oxunuş sayı: 22255