Fazil Mustafa: Zəfərimizin düzgün qiymətləndirilməməsi gələcəkdə itkilərə səbəb ola bilər
Qarşıdan 8 Noyabr – Zəfər Günü gəlir. Artıq Azərbaycan xalqının tarixində silinməz iz qoymuş möhtəşəm Qələbəmizdən altı il ötür. Zaman keçsə də, bu tarixi hadisənin əhəmiyyəti, xalqımıza yaşatdığı qürur və sevinc hissi zərrə qədər azalmır. Əksinə, ötən illər ərzində xalqımız qələbənin mahiyyətini, onun hansı böyük tarixi, siyasi və mənəvi əhəmiyyət daşıdığını daha dərindən dərk edir. Bu Zəfər Azərbaycan xalqının milli iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin vəhdətinin nəticəsi idi. Xalq, ordu və Ali Baş Komandan birliyi tariximizin ən mühüm sınaqlarından birində öz gücünü nümayiş etdirdi və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olundu.
Mövzu ilə bağlı Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, Milli Qurtuluş partiyasının sədri Fazil Mustafa Crossmedia.az-a açıqlamasında qeyd edib ki, bu, böyük qələbədir: “İlk növbədə, cəmiyyətimiz bu qələbənin mahiyyətini və əhəmiyyətini düzgün anlamalıdır. Çünki sosial, mədəni və digər problemlərin hər birini müəyyən zaman sonra həll etmək mümkündür. Amma torpaq məsələsində vaxtında düzgün addım atılmasa, bu problemin həlli illərə, hətta yüzilliklərə uzana bilər. Bunun nümunəsini xalqların taleyində görmüşük. Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidenti zamanı çox düzgün qiymətləndirərək müvafiq qərar verdi. Azərbaycan Ordusu isə böyük rəşadət və yüksək hazırlıq nümayiş etdirərək bu problemi həll etməyi bacardı. Bununla yanaşı, burada ilahi bir lütfün də olduğunu düşünürəm. Belə ki, müəyyən məqamda bir çox amillər üst-üstə düşdü. Pandemiya və digər hadisələr, böyük dövlətlərin diqqətinin fərqli istiqamətlərə yönəlməsi də öz təsirini göstərdi. Eyni zamanda, arxa planda aparılan diplomatik manevrlər də öz sözünü dedi”.
F.Mustafa qeyd edib ki, bütövlükdə, bu prosesi son dərəcə mühüm və tarixi hadisə kimi qiymətləndirirəm: “Hesab edirəm ki, insanlar bu prosesi yüksək dəyərləndirməli, cəmiyyətdə qələbənin miqyasına və əhəmiyyətinə uyğun düşüncə formalaşmalıdır. Çünki bu hadisəni adiləşdirmək, onu kiçik məişət və sosial problemlərin kölgəsində qoymaq, yaxud qələbə duyğusunu zəiflətmək olmaz. Unutmamalıyıq ki, bu cür qələbələr hər zaman qazanılmır. Belə bir fürsətin düzgün qiymətləndirilməməsi gələcəkdə müəyyən itkilərə də səbəb ola bilər. Ona görə də bu, həqiqətən də, möhtəşəm bir nailiyyətdir. Cəmiyyətimiz və insanlarımız bu tarixi qələbəni hər zaman minnətdarlıq və şükranlıq hissi ilə dəyərləndirməlidirlər”.
Ayhan
12:30 03.11.2026
Oxunuş sayı: 75