Polşada Azərbaycan əleyhinə təxribatın qarşısı alınıb
Krakov Azərbaycan Evinə Polşanın bir sıra marketlərində Azərbaycan əleyhinə təxribat xarakterli materialların satılması ilə bağlı məlumat daxil olub. Məlumata əsasən, müxtəlif ölkələrin bayraq və xəritələrinin göstərildiyi kitabça və bukletlərdə artıq mövcud olmayan separatçı rejimin simvolu da yer alıb.
Müraciət əsasında məsələ dərhal araşdırılıb və Azərbaycan tərəfinin etirazı ilə əlaqədar sözügedən materialın satışının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülüb. Nəticədə məhsulun satışdan çıxarıldığı və gələcəkdə analoji halların təkrarlanmayacağı barədə Krakov Azərbaycan Evinə məlumat verilib.
Məsələ Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin də diqqətinə çatdırılıb. Səfirlik materialı istehsal edən “Henry” şirkətinin direktoru Çezare Popiel ilə əlaqə saxlayaraq Azərbaycan tərəfinin etirazını bildirib. Şirkətin rəhbəri baş verən yanlışlıqla bağlı üzr istəyib, məhsulun istehsalının və satışının dayandırıldığını qeyd edib, Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb.
15:31 23.09.2026
Oxunuş sayı: 37