Aktauda Azərbaycanın tarixi Zəfəri qeyd edilib
Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Ş.Yessenov
adına Xəzər Texnologiyalar və Mühəndislik Universitetinin nəzdində fəaliyyət
göstərən Azərbaycan Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan açıq
intellektual dərs formatında tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət
Himninin səsləndirilməsi və ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından
keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca 44 günlük Vətən müharibəsi, Şuşanın azadlığı, tarixi
Zəfər və Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa-quruculuq
işlərini əks etdirən videoçarx nümayiş olunub.
“Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru, beynəlxalq
münasibətlər kafedrasının baş müəllimi İlkin Orucov Zəfər Gününün tarixi,
siyasi və beynəlxalq hüquqi əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun ölkəmizin
ərazi bütövlüyünü bərpa etməsinin Cənubi Qafqaz və Xəzər hövzəsində yeni
geostrateji reallıq yaratdığını, regionda davamlı sülhün və nəqliyyat-tranzit əlaqələrinin
inkişafı üçün əlverişli zəmin formalaşdırdığını bildirib.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər
kafedrasının professoru Eldar Cəfərov regionun yeni təhlükəsizlik
arxitekturası, Azərbaycan-Qazaxıstan strateji müttəfiqliyi və Türk dünyasının
inteqrasiyası kontekstində iki ölkə arasında akademik və gənclər əməkdaşlığının
əhəmiyyətinə toxunub.
Universitetin tələbələri, “Versal” diplomatik klubunun
könüllüləri çıxışlarında müasir beynəlxalq münasibətlər, sülh və beynəlxalq
hüququn aliliyi ilə bağlı fikirlərini bölüşüb, Azərbaycanın sülh təşəbbüslərinə
və quruculuq prosesinə dəstəklərini ifadə ediblər.
Sonda bu cür intellektual görüşlərin xalqlar arasında
dostluq əlaqələrinin möhkəmlənməsinə, gələcək beynəlxalq münasibətlər mütəxəssislərinin
dünyagörüşünün genişlənməsinə, eləcə də diaspor və gənclər arasında əlaqələrin
dərinləşməsinə verdiyi töhfə qeyd olunub.
14:00 06.11.2026
Oxunuş sayı: 33