Türk dövlətləri geniş hərbi təlimlərə başladı
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimi üç ölkənin hərbi əməkdaşlığının praktiki müstəvidə genişləndiyini göstərən tədbirlərdən biridir. Sentyabrın 22-də təlimin Xocavənd rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində açılış mərasimi keçirilib. Tədbirin rəsmi hissəsində Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndirilib. Təlimin diqqətçəkən xüsusiyyətlərindən biri isə onun yalnız bir ərazidə keçirilməməsidir. Belə ki, təlimlər Xocavənd, Naxçıvan və Xəzər dənizi akvatoriyasını əhatə edir. Burada quru, hava və dəniz komponentlərinin, eləcə də pilotlu və pilotsuz vasitələrin tətbiqi nəzərdə tutulub. Bu format müasir hərbi təlimlərdə müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinin əhəmiyyətini də ön plana çıxarır.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə iştirak edən bölmələrin birgə fəaliyyətinin təkmilləşdirilməsi, qarşılıqlı fəaliyyət və koordinasiyanın artırılması, hərbi qulluqçuların təcrübə mübadiləsi və müasir döyüş imkanlarının sınaqdan keçirilməsi əsas istiqamətlərdəndir. Üç ölkənin hərbçilərinin eyni təlim ssenarisi çərçivəsində iştirakı hərbi əməkdaşlığın yalnız ikitərəfli formatlarla məhdudlaşmadığını da göstərir. Xüsusilə müxtəlif coğrafi məkanlarda keçirilən məşqlərin vahid təlim çərçivəsində birləşdirilməsi diqqət çəkir. Bəs “Birliyin Gücü – 2026” təlimi Azərbaycan, Türkiyə və Özbəkistan arasında hərbi əməkdaşlığın inkişafı baxımından hansı əhəmiyyət daşıyır?
Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlamasında bildirib ki, Türkiyə, Azərbaycan və Özbəkistanın üçtərəfli təlimləri Türkdilli dövlətlərin hərbi əməkdaşlıq çərçivəsində planlaşdırdığı təlimlərdir: "Türkdilli dövlətlərin sammitində cənab Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin «Təlimlər ili» kimi təklif edilməsindən sonra, artıq Türkdilli dövlətlərin hərbi əməkdaşlığı çərçivəsində müxtəlif təlimlərin şahidi oluruq. Elbətdə, bu gün geosiyasi arenada gedən prosesləri nəzərə alsaq — bu təlimin də adı «Güc birlikdədir» — təbii ki, yalnız birlikdə güclü ola bilərik. Çünki bu gün dünyada mövcud olan ikili standartlar, haqsız müdaxilələr və işğalçılıq siyasəti hər bir dövlətin müstəqilliyini və suverenliyini qorumaq üçün növbəti əlavə addımlar atmasının göstəricisidir.

Bu çərçivədə Türkdilli dövlətlər son illər bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində çox sıx tərəfdaşlıq edirlər. Artıq ayrı-ayrılıqda Türkdilli dövlətlərin təhlükəsizliyini və yerləşdikləri regionun sabitliyini təmin etmək üçün müdafiə baxımından birgə atılan addımlar günün tələblərindən irəli gəlir. Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimləri də məhz bu qəbildəndir. Biz indiyədək daha çox ikitərəfli təlimlər, yəni Türkiyə-Azərbaycan birliyi çərçivəsində keçirilən hərbi təlimlər haqqında məlumat alırdıq. İndi isə Türkdilli dövlətlərin birgə əməkdaşlığı çərçivəsində üç və daha çox ölkənin iştirakı ilə aparılan təlimləri müşahidə edirik. Bu təlimlərin əsas məqsədi hərbi əməkdaşlığı genişləndirmək, hərbçilərin təcrübə mübadiləsini aparmaq, dünyadakı mövcud çağırışlara və oluna biləcək risklərə qarşı birgə addımlar atmaqdır.
Həmçinin hərbi-texniki çərçivədə müdafiə sənayesinin inkişafı ilə bağlı tədbirlər görülür. Bunun nəticəsi olaraq Türkdilli dövlətlər vahid platformadan çıxış edərək birlik və güc baxımından öz suverenliyini və müstəqilliyini təhlükəsiz şəkildə qoruyurlar.”
Ekspert qeyd edib ki, “Türkdilli dövlətlərin hərbi əməkdaşlığı və vahid platformadan çıxış etməsi beynəlxalq normalar çərçivəsində inkişaf edən prosesdir. Bizim gücümüz başqa bir ölkəyə və ya regiona qarşı yönəlməyib; bu, sırf müdafiə xarakterli və təhlükəsizliyin təmin olunmasına hesablanmış addımlardır. Bu addımlar münasibətlərimizin yeni mərhələyə qədəm qoyması, gücümüzün birləşməsi və geosiyasi proseslər fonunda təhlükəsizliyimizin təmin edilməsi baxımından çox vacibdir.
Türkdilli dövlətlərin əməkdaşlığının genişlənməsi Azərbaycan-Türkiyə tərəfdaşlığı nümunəsində inkişaf edir. Çünki Azərbaycan və qardaş Türkiyə bu prosesdə böyük yol keçərək mühüm nailiyyətlər əldə ediblər. Bu gün Şuşa Bəyannaməsi kimi tarixi sənəd mövcuddur, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə fəaliyyət göstərir və təlimlər keçirirlər. Digər Türkdilli dövlətlər də bu qardaşlıq birliyinin çərçivəsini genişləndirərək böyük həvəslə bu inkişafa töhfə verirlər.
Gələcəkdə daha çox ölkənin iştirakı ilə yeni təlimlərin şahidi olacağıq. Bu təlimlər çox maraqlı formatda keçirilir; onlar yalnız bir təlim mərkəzində deyil, üç müxtəlif poliqonda — Xocavənddə, Naxçıvanda və Xəzər dənizi akvatoriyasında təşkil olunub. Təlimlərin ssenarisi müasir proseslər nəzərə alınmaqla qurulub. Burada havada, suda və quruda ən müasir texnikalardan, pilotlu və pilotsuz vasitələrdən istifadə edilir.
Yaxınlarda Azərbaycan Hərbi Dəniz Qüvvələrində Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə hərbi dəniz donanması üçün yeni pilotsuz suüstü qayıqların təqdimatı oldu. Bu da Azərbaycanın müasir silahlarla silahlanma prinsipinə sadiq qaldığını bir daha sübut edir. Gücümüz birlikdədir və biz ancaq birgə daha güclü ola bilərik. Bugünkü siyasi proseslər və tələblər münasibətlərin məhz bu prinsip əsasında qurulmasını tələb edir.”
Zeynəb Həsən
16:00 23.09.2026
Oxunuş sayı: 41