ABŞ İranı içindən çökürdəcək - dəhşətli plan
ABŞ və husilər arasında təmasların davam etməsi Yaxın Şərqdə İranla bağlı qarşıdurmanın fonunda diqqət çəkir. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun husilərlə əlaqə saxladığını bildirib. Xarici KİV məlumat yayıb ki, ABŞ rəsmiləri sentyabrın ortalarında Oman vasitəçiliyi ilə husi nümayəndələri ilə görüş keçirib.
Husilərin Yəmənin Qırmızı dəniz sahilində mövqelərini genişləndirməsi və Bab əl-Məndəb boğazına yaxın ərazilərə nəzarəti artırması bu təmaslara strateji əhəmiyyət verir. Boğaz dünya dəniz ticarəti üçün əsas marşrutlardan biridir və regionda enerji daşımaları baxımından da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Vaşinqtonun husilərlə əlaqələrinin əsas məqsədi və ABŞ-İran qarşıdurmasının gedişinə mümkün təsiri diqqət çəkir.
Crossmedia.az-a açıqlamasında politoloq Oqtay Qasımov ABŞ və husilər arasında mümkün əlaqələrin İranın bölgədəki təsirinə təsir göstərə biləcəyini bildirib:
“Onlar kifayət qədər praqmatik və ya manevr etməyi bacaran bir təşkilatdır. Bu gərginliklər fonunda məlum olmuşdur ki, məhz husilərlə Amerika Birləşmiş Ştatları və İsrail arasında müəyyən təmaslar var. Bu təmaslar sayəsində də onlar Amerika ticarət gəmilərinə atəş açmayacaqlarını bəyan etdilər. Bu, özü-özlüyündə kifayət qədər diqqətçəkici məqam oldu”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, ABŞ-nin müxtəlif təşkilatlarla əlaqə qurması mümkün ssenaridir: “Donald Tramp husilərin ondan xahiş etdiyini açıqladı və əlavə etdi ki, onlara zərbələr endirilməsin. O da onların bu xahişini nəzərə alıb. Əlbəttə, Amerika Birləşmiş Ştatları bu və ya digər təşkilatlarla əlaqədə olduğunu hiss etdirib. Amerika böyük bir gücdür və bu tipli proseslərə təsiri olan qüvvələrlə, o cümlədən təşkilatlarla da əlaqə qura bilir”.
Politoloq hesab edir ki, əgər ABŞ və husilər arasında əlaqələr daha dərin xarakter daşıyarsa, bunun İranın təsirinə qarşı yönəlməsi mümkündür: “Əgər belə əlaqələr kifayət qədər dərin olacaqsa, bu o deməkdir ki, Amerika İranı, öz silahı ilə vurmağa çalışır. Buna nə qədər nail olacaqlar, o gələcəyin məsələsidir. Əsasən bu əlaqələrin dərinliyi nə qədərdir, onu iddia etmək bir az çətin olar. Çünki hərbi əməliyyatların və Bab əl-Məndəb boğazına keçirilməsi, Qırmızı dənizdə mövqelərin gücləndirilməsi Amerika Birləşmiş Ştatları tərəfindən kifayət qədər təmkinlə qarşılandı və bu da bəzi açıq sualları özü ilə gətirdi”.
Nigar Xəlilli
18:45 21.09.2026
Oxunuş sayı: 43