Müəllimlik ixtisasları üzrə qəbul yerləri azaldılıb
Bu il ali təhsil müəssisələrində müəllimlik ixtisasları üzrə qəbul planı 7540 nəfər müəyyənləşdirilib.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında açıqlayıb.
Nazir bildirib ki, əvvəlki illərdə müəllimlik ixtisasları üzrə qəbul planı təxminən 10 min nəfər təşkil edib. Onun sözlərinə görə, qəbul sayının azaldılmasında əsas məqsəd müəllim hazırlığının keyfiyyətini artırmaq və bu ixtisasa qəbulda rəqabəti gücləndirməkdir.
E.Əmrullayev qeyd edib ki, bir sıra ali təhsil müəssisələrində müəllimlik ixtisaslarına aşağı balla qəbul olunan tələbələr məzun olduqdan sonra müəllimlərin işə qəbulu imtahanında minimum nəticəni toplaya bilmirlər.
Nazirin sözlərinə görə, gələcək illərdə müəllimlik ixtisasları üzrə qəbul yerlərinin sayında müəyyən azalmalar ola bilər, lakin bunun əvvəlki dövrlə müqayisədə daha kəskin olması gözlənilmir.
O vurğulayıb ki, məqsəd məktəblərin müəllim ehtiyacını təmin etməkdir, kütləvi müəllim hazırlamaq deyil. Nazir müəllimlik peşəsinin daha rəqabətli və yüksək balla qəbul olunan ixtisaslardan birinə çevrilməsinin vacibliyini də qeyd edib.
Nigar Xəlilli
15:35 14.09.2026
Oxunuş sayı: 55