Permdə PUA hücumundan sonra mühüm qərar verildi
Rusiyanın İstintaq Komitəsi Permdə mülki obyektlərə PUA hücumundan sonra cinayət işi açıb.
Crossmedia.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bu barədə məlumat yayıb.
Cinayət işinin terror aktı maddəsi ilə başladıldığı bildirilib. İstintaqçılar hücum zamanı istifadə olunan silahların tip və modellərini, həmçinin hadisəyə aidiyyəti olan şəxsləri müəyyənləşdirməyə çalışırlar.
Sentyabrın 7-də səhər saatlarında Permdə mülki obyektlərə PUA hücumu həyata keçirildiyi açıqlanıb. Perm diyarının qubernatoru Dmitri Maxoninin məlumatına görə, hücum nəticəsində çoxmənzilli yaşayış binasına ziyan dəyib, PUA qalıqları isə fərdi evə və həyətyanı əraziyə də düşüb.
İlkin məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, daha 4 nəfər yaralanıb.
11:02 07.09.2026
Oxunuş sayı: 47