Rəqəmsal əməkdaşlıq genişlənir: Gürcüstan və Yaponiya razılaşdı
Gürcüstan və Yaponiya rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi barədə memorandum imzalayıb. Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Memorandumu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani və Yaponiyanın Rəqəmsal Transformasiya üzrə parlament nazir müavini Hideto Kavasaki imzalayıb. Sənəd Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə Yaponiyanın Rəqəmsal Agentliyi arasında rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdə tutur.
Tamar İoselianinin sözlərinə görə, Gürcüstan hökuməti ölkədə müasir, təhlükəsiz və innovativ rəqəmsal ekosistem formalaşdırmağa çalışır.
Əməkdaşlıq çərçivəsində dövlət xidmətlərinin təkmilləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, yeni texnologiyaların tətbiqi, süni intellektdən məsuliyyətli istifadə və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətlərinin inkişaf etdirilməsi planlaşdırılır.
İoseliani Yaponiyanın rəqəmsal idarəetmə və qabaqcıl texnologiyaların inkişafı sahəsində təcrübəsinin Gürcüstan üçün əhəmiyyətli olduğunu bildirib.
17:54 04.09.2026
Oxunuş sayı: 44