Norveç Aİ-nin mövqeyinə baxmayaraq Arktikada qazma işlərini davam etdirəcək
Norveç Barens dənizində neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsini davam etdirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Norveçin energetika naziri Terje Aasland bildirib ki, ölkə Avropa İttifaqının Arktika regionlarından karbohidrogen tədarükünə moratorium tətbiqini dəstəkləməsinə baxmayaraq, Arktikada qazma işlərini davam etdirəcək.
2022-ci ildən sonra Norveç Avropa üçün əsas təbii qaz təchizatçılarından birinə çevrilib. Ölkə Avropa İttifaqı və Böyük Britaniyanın qaz tələbatının təxminən 30 faizini qarşılayır.
Rəsmi proqnozlara görə, yeni yataqların işlənməməsi Norveçdə neft və qaz hasilatının 2030-cu ildən sonra kəskin azalmasına səbəb ola bilər. Oslo isə Arktikada hasilatın davam etdirilməsini həm ölkənin milli maraqları, həm də Avropanın enerji təhlükəsizliyi baxımından vacib hesab edir.
Bundan başqa, Norveç hökuməti ölkənin Avropanın “yaşıl batareyası” olması ilə bağlı əvvəlki konsepsiyasına da yenidən baxıb. Energetika naziri bu yanaşmanı yanlış adlandıraraq bildirib ki, Avropanın enerji sisteminə dərin inteqrasiya Norveçin daxili bazarını Aİ-də qiymət dəyişikliklərinə qarşı daha həssas edib.
Norveç gələcəkdə yeni transsərhəd elektrik kabellərinin tikintisini planlaşdırmır və əsas diqqəti ölkənin enerji təchizatının sabitliyinə yönəltmək niyyətindədir.
17:11 24.08.2026
Oxunuş sayı: 49