Ukraynanın Moskvaya PUA hücumu planı iki səbəbə görə dayandırılıb
Ukraynanın süni intellektlə idarə olunan pilotsuz uçuş aparatlarından istifadə edərək Moskvanın hava limanlarına kütləvi hücum planının həyata keçirilmədiyi iddia olunur.
Crossmedia.az “The Telegraph”a istinadən xəbər verir ki, bu əməliyyatın məqsədi Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa məcbur etmək olub.
Lakin plan iki əsas səbəbə görə dayandırılıb: mülki sərnişin təyyarələrinin zədələnməsi riski və Avropanın əməliyyata dəstək verməməsi.
Məlumata görə, Rusiyanın paytaxtındakı hava əlaqəsini dayandırmaq üçün bir gecə ərzində Moskva istiqamətində 1000-ə qədər dron buraxmaq tələb olunurdu.
Bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski mülki aviasiya təyyarəsinin PUA tərəfindən vurulması ehtimalından narahat olub.
Nəşrin məlumatına görə, Avropanın mülki obyektlərə zərbə endirilməsi məsələsində tərəddüd etməsi də planın reallaşmamasına səbəb ola bilərdi.
The D Group analitik mərkəzinin baş məsləhətçisi Ed Arnold bildirib ki, əgər belə bir hücum Avropanın dəstəyi ilə Rusiyaya qarşı həyata keçirilsəydi, Rusiya rəhbərliyi böyük ehtimalla Avropa hava limanlarına qarşı oxşar addım ata bilərdi.
Məlumata görə, əməliyyat zamanı riskləri azaltmaq üçün əvvəlcədən mülki aviaşirkətlərə xəbərdarlıq göndərilməsi və təyyarələrin təhlükəli ərazilərdən çıxarılması planlaşdırılırdı.
Lakin Ukrayna Prezident Administrasiyası süni intellektli dronlarla Rusiya hava limanlarına hücum planının mövcudluğunu təkzib edib.
20:55 22.08.2026
Oxunuş sayı: 49