Diplomatiyaya Süni İntellektin təsirləri
Süni intellektin sürətli inkişafı dövlətlərin informasiya və kommunikasiya siyasətinə ciddi təsir göstərən əsas amillərdən birinə çevrilib. Əvvəllər diplomatik münasibətlər əsasən ikitərəfli görüşlər, rəsmi bəyanatlar, nota mübadiləsi və ənənəvi media üzərindən qurulurdusa, bu gün rəqəmsallaşma informasiya axınının sürətini və onun formalaşdırılması mexanizmlərini köklü şəkildə dəyişib. Süni intellekt böyük həcmdə məlumatın təhlilinə, çoxdilli kommunikasiyaya, ictimai rəyin öyrənilməsinə, böhranların əvvəlcədən proqnozlaşdırılmasına və dövlətlərin beynəlxalq auditoriyaya operativ çıxışına imkan yaradır.
Diplomatiya tarix boyu informasiyanın toplanması, emalı və ötürülməsi ilə sıx bağlı olan strateji fəaliyyət aləti olmuşdur. Dövlətlər bir-biri ilə yalnız siyasi və iqtisadi münasibətlər qurmayıb, eyni zamanda öz xarici siyasət kursunu izah etməyə, beynəlxalq ictimaiyyətə təsir göstərməyə və ölkələri haqqında obyektiv təsəvvür formalaşdırmağa çalışıblar. Lakin rəqəmsal texnologiyaların, xüsusən generativ süni intellect (yeni və orijinal məzmun yarada bilən qabaqcıl texnologiya növü ) və Böyük Dil Modellərinin sürətli inkişafı diplomatik kommunikasiyanın xarakterini əhəmiyyətli dərəcədə transformasiyaya uğratmışdır.
Müasir dövrdə dövlətlər üçün əsas məsələ yalnız “nə demək” deyil, həm də “məlumatı nə qədər sürətlə təhlil etmək”, “onu hansı auditoriyaya çatdırmaq” və “qarşı tərəfin reaksiya ehtimalını necə dəqiq proqnozlaşdırmaqdır”. Bu gün süni intellekt diplomatiyanın mahiyyətini ləğv edən və diplomatı arxa plana keçirən bir alət kimi deyil, diplomatik fəaliyyətin analitik və kommunikativ imkanlarını genişləndirən strateji resurs kimi çıxış edir.
2026-cı ildə yayımlanan müasir tədqiqatlar da göstərir ki, Sİ diplomatiyada üç əsas model formalaşdırır: diplomatın analitik bacarıqlarını artıran dəstəkçi vasitə (“augmented diplomacy”), verilənlərin avtomatlaşdırılmış emalı və gələcəkdə rəqəmsal platformalar üzərindən qurulacaq yeni diplomatik qarşılıqlı əlaqə formatları. Bu baxımdan əsas elmi problem texnologiyanın diplomatiyaya daxil olması faktı deyil, dövlətlərin bu alətdən hansı etik, hüquqi və siyasi sərhədlər daxilində istifadə edəcəyidir.
Müasir diplomatiyada operativ qərarların qəbul olunması üçün nəhəng həcmdə verilənlər emal edilməlidir. Nazirliklər, səfirliklər və beynəlxalq təşkilatlar gündəlik olaraq siyasi, iqtisadi və təhlükəsizlik xarakterli informasiya axını ilə üzləşirlər. Bu məlumatların insan resursu tərəfindən eyni sürətlə təhlil edilməsi praktiki olaraq qeyri-mümkündür.
Süni intellekt bu mərhələdə məlumatların təsnifləşdirilməsi, müxtəlif dillər arasında dəqiq tərcümə, açıq mənbə kəşfiyyatı təhlilləri və media monitorinqi sahəsində əvəzsiz imkanlar yaradır. Tədqiqatlar Sİ-nin konsulluq xidmətlərində avtomatlaşdırmadan tutmuş, böhranların idarə olunması və qərarverməyə dəstək sistemlərinə qədər geniş spektri əhatə etdiyini göstərir.Bu məsələ müasir dövlətlərin daxili və xarici siyasət strategiyasında da artıq prioritet istiqamət kimi qəbul edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında rəqəmsallaşma və süni intellektin dövlət idarəçiliyindəki rolunu xüsusi vurğulayaraq bildirmişdir ki, texnoloji inkişaf, rəqəmsallaşma, kiber təhlükəsizlik və süni intellektin tətbiqi gündəlik həyata daxil olmalıdır. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdır, əks halda geridə qalmaq qaçılmazdır. Dövlət başçısının da qeyd etdiyi kimi, süni intellekt texnologiyalarından geridə qalmamaq dövlətlərin milli təhlükəsizlik və rəqabətqabiliyyətlilik məsələsidir. Dövlətimizin başçısı “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda keçirilən tədbirlərdə xüsusilə AI-nin dövlət məmurlarının və qərar qəbul edən şəxslərin gündəlik fəaliyyətində yardımçı alət kimi - “süni intellekt agentləri” şəklində tətbiqinin zəruriliyini qeyd etmişdir. Bu yanaşma xarici siyasət və informasiya diplomatiyası üçün də tamamilə keçərlidir: Sİ qərar qəbul edən diplomatın yerini almır, lakin qərarın daha düzgün, dəqiq və faktlara əsaslanaraq verilməsinə analitik dəstək göstərir.
Süni intellekt dövlətlərə beynəlxalq auditoriya ilə daha çevik və hədəflənmiş kommunikasiya qurmaq imkanı verir. Əvvəllər rəsmi bəyanatlar və dövlət televiziyaları əsas kommunikasiya kanalı idisə, bu gün rəqəmsal platformalar və sosial şəbəkələr rəqəmsal diplomatiyanın döyüş meydanına çevrilib. Sİ alətləri vasitəsilə müəyyən ölkələrdəki ictimai rəy, sosial həssaslıqlar və diskurslar real vaxt rejimində analiz edilir, eyni diplomatik mesaj müxtəlif mədəni və dil mühitlərinə uyğunlaşdırılaraq operativ şəkildə yayımlanır və alqoritmlər böhran ocaqlarındakı gərginlik indikatorlarını analiz edərək diplomatik riskləri əvvəlcədən görməyə kömək edir. Bununla belə, informasiya üzərində texnoloji üstünlük əldə etmək cəhdləri dövlətlərarası rəqabətin yeni bir formasına - informasiya hərbinə yol açır.
Süni intellektin diplomatiyaya gətirdiyi ən ciddi təhdid informasiya ilə reallıq arasındakı sərhədin bulanıqlaşmasıdır. Generativ model və deepfake texnologiyaları vasitəsilə yüksək vəzifəli şəxslərin, dövlət başçılarının və diplomatların saxta səs və video görüntülərini yaratmaq texniki olaraq son dərəcə asanlaşmışdır. Bunun əyani nümunələrindən biri 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin guya ordunu təslim olmağa çağırdığı deepfake (süni intellektdən istifadə edilərək yaradılan saxta foto, audio və video materiallar) videosunun dövriyyəyə buraxılması oldu. Video qısa müddətdə təkzib edilsə də, insident informasiya diplomatiyası və kiber-diplomatiya sahəsində generativ Sİ-nin nə qədər dağıdıcı potensiala malik olduğunu göstərdi. Burada əsas risk yalnız saxta xəbərin yayılması deyil, "Liar's Dividend" (Yalançının dividendi) adlanan fenomendir. Yəni texnologiya o həddə çatır ki, cəmiyyət və ya diplomatik tərəflər real, həqiqi faktları da “bu, süni intellektlə hazırlanmış ola bilər” şübhəsi ilə rədd etməyə başlayırlar. Nəticədə beynəlxalq münasibətlər sistemində ən vacib resurs olan etimad sarsılır.
Texnoloji irəliləyişlər fonunda ən çox müzakirə edilən sual Sİ-nin gələcəkdə diplomatik peşəni tam əvəz edib-etməyəcəyidir. Diplomatiya yalnız rasional məlumatların emalı deyil. Diplomatik prosesin özəyində empatiya və mədəni konteksti anlamaq, məxfi və yazılmamış danışıqlar aparmaq, şəxsi etimad, emosional intellekt, eləcə də mürəkkəb geopolitik böhranlarda risk götürmək və siyasi məsuliyyət daşımaq kimi sırf insani keyfiyyətlər dayanır. Süni intellekt ehtimalları və statistik nəticələri hesablayır, lakin siyasi intuisiyanı və strategiyanı əvəz edə bilmir. Bu səbəbdən müasir elmi ədəbiyyatda "Augmented Diplomacy" (Gücləndirilmiş Diplomatiya) konsepsiyası ön plana çıxır. Bu modelə görə, Sİ diplomatın yerini almır, onun analitik imkanlarını genişləndirən effektiv yardımçı kimi çıxış edir.
Süni intellekt informasiya diplomatiyasının gələcəyi deyil, onun artıq mövcud olan reallığıdır. Bu texnologiyanın tətbiqi dövlətlərə analitik sürət, çoxdilli çıxış və çevik kommunikasiya üstünlüyü qazandırsa da, dezinformasiya və etimad böhranı kimi sistem riskləri də yaradır. UNESCO-nun "Süni İntellektin Etikası haqqında Tövsiyələri"ndə də qeyd olunduğu kimi, AI sistemlərinin tətbiqində insan nəzarəti, şəffaflıq və məsuliyyət prinsipləri əsas götürülməlidir. Gələcəyin uğurlu diplomatiyası “insan və ya süni intellekt” dilemmasında deyil, "İnsan + Süni İntellekt" simbiozunda olacaqdır. Süni intellekt məlumatı toplamalı, tendensiyaları təhlil etməli və riskləri proqnozlaşdırmalıdır; siyasi qərarın, etik seçimin və strateji məsuliyyətin daşıyıcısı isə insan olaraq qalmalıdır. Sonda vurğulamaq lazımdır ki, süni intellekt dövrü dövlətlərin informasiya diplomatiyasına nə qədər yeni imkanlar qazandırsa və kommunikasiya riskləri yaratsa da, bir dəyişməz həqiqət var: diplomatiyada ən qiymətli valyuta informasiya deyil, etimaddır. Alqoritmlər nə qədər mükəmməlləşsə də, bu etimad körpülərini quran və onları risklərdən qoruyan yenə də süni intellekt deyil - insan zəkası, məsuliyyəti və siyasi iradəsi olacaqdır.
Fidan Səfərli
17:45 21.08.2026
Oxunuş sayı: 59