Təhsildə rus bölməsinin üstünlüyü əriyir: PISA 2025-in nəticəsi
PISA 2025-in Azərbaycan üzrə nəticələrinə yalnız ümumi orta ballar prizmasından baxdıqda çox mühüm bir proses gözdən qaçır. Məlumatları Azərbaycan bölmələri üzrə ayırdıqda görünür ki, Azərbaycan və rus dilində test verən şagirdlər arasında uzun müddət müşahidə olunan nəticə fərqi son üç ildə kəskin şəkildə daralıb. Daha maraqlısı isə budur ki, bu yaxınlaşma rusdilli şagirdlərin nəticələrinin pisləşməsi hesabına baş verməyib. Əksinə, hər iki qrup irəliləyib, sadəcə Azərbaycan bölməsi üzrə şagirdlərin yüksəlişi xeyli daha sürətli olub.
Bu nəticə PISA məlumatlarının ən maraqlı və ilk baxışdan görünməyən tapıntılarından biridir. O, eyni zamanda başqa bir mühüm sual doğurur: 2025-ci ildə ölkə üzrə rus dilində test verən şagirdlərin nəticələri niyə hələ də daha yüksək görünür? Datat göstərir ki, cavab yalnız tədris dili ilə bağlı deyil. Coğrafiya, ailənin sosial-iqtisadi vəziyyəti və ən əsası şagirdlərin hansı məktəblərdə cəmləşməsi nəticələrin böyük hissəsini izah edir.
Bu məqalədə “Azərbaycan bölməsi” və “rus bölməsi” ifadələri rahatlıq üçün istifadə olunur. Bu göstəricini etnik mənsubiyyətlə eyniləşdirmək olmaz. 2022 məlumatları yalnız Bakını əhatə etdiyindən zaman müqayisəsi də 2022 Bakı ilə 2025 Bakı arasında aparılır.
İlk baxışda görünən
mənzərə: rusdilli şagirdlər öndədir
2025-ci ilin bütün Azərbaycan nümunəsinə baxdıqda fərq kifayət qədər böyük görünür. Azərbaycan dilində test verən şagirdlərin orta nəticəsi riyaziyyatda 419.6, təbiət elmlərində 405.2, oxuda 371.2 baldır. Rus dilində test verən şagirdlər isə müvafiq olaraq 445.2, 436.2 və 392.6 bal göstərirlər.
|
PISA 2025,
bütün Azərbaycan |
Azərbaycan bölməsi |
Rus bölməsi |
Fərq |
|
Riyaziyyat |
419.6 |
445.2 |
+25.6 |
|
Təbiət elmləri |
405.2 |
436.2 |
+31.0 |
|
Oxu |
371.2 |
392.6 |
+21.4 |

Şəkil 1. PISA 2025-də bütün Azərbaycan üzrə orta nəticələr. Mənbə: təqdim edilmiş PISA 2025 Azərbaycan mikroməlumatları.
Bu cədvələ tək baxsaq, asanlıqla belə nəticəyə gəlmək olar ki, rus
bölməsi daha effektivdir. Lakin PISA mikroməlumatları əsasında ümumi orta göstəricinin
arxasında duran şagird tərkibini müəyyən etmək mümkündür və həmin tərkib iki
qrup arasında olduqca fərqlidir.
2025-ci ildə rus dilində test verən şagirdlərin təxminən 68%-i Bakıda, 75%-i isə Bakı və Abşeron–Xızı birlikdə cəmləşir. Azərbaycan dilində test verən şagirdlər üçün bu göstəricilər müvafiq olaraq yalnız 27.5% və 37.2%-dir. Başqa sözlə, milli səviyyədə biz eyni coğrafi populyasiyaları müqayisə etmirik. Rusdilli qrup qeyri-proporsional şəkildə ölkənin ən yüksək PISA nəticəsi göstərən metropolitan ərazisində yerləşir.
Bakını Bakı ilə müqayisə etdikdə fərqin böyük hissəsi yox olur
Eyni müqayisəni yalnız Bakı daxilində apardıqda mənzərə dərhal dəyişir.
Milli səviyyədə riyaziyyatda 25.6 bal olan fərq Bakıda cəmi 8.5 bala düşür. Oxuda 21.4 ballıq fərq 8 bala qədər azalır. Təbiət elmlərində fərq daha davamlıdır, amma yenə də milli göstəricidən xeyli aşağıdır.
Ölkə üzrə görünən “rus bölməsi üstünlüyünün” mühüm hissəsi dil faktorundan deyil, rusdilli şagirdlərin daha güclü regionlarda və məktəblərdə cəmləşməsindən yaranır.
Bunu başqa üsulla da görmək mümkündür. Eyni Bakı məktəbi daxilində Azərbaycan və rus dilində test verən şagirdləri müqayisə etdikdə 2025 fərqi riyaziyyatda təxminən 6.2, təbiət elmlərində 14.4, oxuda 6.7 bala enir. Yəni müqayisə “ölkə üzrə iki dil qrupu”ndan “eyni şəhərdəki iki dil qrupu”na, daha sonra isə “eyni məktəb mühitindəki iki dil qrupu”na keçdikcə fərq ardıcıl şəkildə kiçilir. Bu, tədris dilinin heç bir əhəmiyyəti olmadığını sübut etmir. Lakin xam bal fərqini birbaşa dilin və ya bölmənin keyfiyyət effekti kimi şərh etməyin düzgün olmadığını açıq şəkildə göstərir.
Ən güclü gizli faktor: rusdilli şagirdlərin məktəb SES-i
Daha diqqətçəkən nəticə məktəbin sosial tərkibinə baxdıqda ortaya çıxır. Məktəbləri şagirdlərinin orta ESCS göstəricisinə görə beş bərabər qrupa — Q1-dən Q5-ə — böldükdə iki dil qrupunun tamamilə fərqli məktəb ekosistemlərində cəmləşdiyi görünür.

Şəkil 2. Şagirdlərin məktəb-SES kvintilləri üzrə paylanması. Q1 sosial-iqtisadi baxımdan ən aşağı, Q5 ən yüksək məktəb qrupudur.
Rus dilində test verən şagirdlərin 51.5%-i ölkənin ən yüksək məktəb-SES
kvintilində oxuyur. Ən aşağı kvintildə isə onların cəmi 0.4%-i yerləşir. Azərbaycan
dilində test verənlərdə mənzərə demək olar ki, əksinədir: ən yüksək məktəb-SES
kvintilində cəmi 15.8%, ən aşağı kvintildə isə 22.9% oxuyur.
Bu rəqəmlər dil fərqinin arxasındakı əsas struktur mexanizmlərdən birini göstərir. Rusdilli şagird sadəcə orta hesabla daha yüksək SES-li ailədən gəlmir; o, eyni zamanda daha çox yüksək SES-li şagirdlərin toplandığı məktəbdə oxuyur. Belə məktəb mühiti yalnız ailə gəlirinin cəmi deyil. Orada daha yüksək valideyn gözləntiləri, akademik ambisiya, məktəb seçimi, repetitorluğa çıxış, müəllimlərin həmin məktəbləri seçməsi və daha güclü peer mühiti eyni anda cəmləşə bilər. Ona görə “rus bölməsi daha yaxşıdır” ifadəsi əslində çox mürəkkəb sosial seçim prosesini bir sözlə izah etməyə çalışır.
2022-dən 2025-ə əsas hadisə: fərq sürətlə daralır
Ən maraqlı nəticə zaman müqayisəsində üzə çıxır. PİSA 2022-ci il nəticələrinə görə Bakıda rus bölməsi şagirdlərinin Azərbaycan bölməsi üzərində üstünlüyü riyaziyyatda 35.5, təbiət elmlərində 48.3, oxuda 44.4 bal idi. Üç il sonra riyaziyyatda fərq 8.5 bala, təbiət elmlərində 17.4 bala, oxuda isə 8 bala düşüb.

Şəkil 3. Bakı: rus dilində test verən şagirdlərin Azərbaycan dilində test verənlər üzərində orta bal üstünlüyünün 2022–2025 arasında azalması.
Azərbaycan bölməsinin “fərq azaltma” effekti
2022–2025 arasında Azərbaycan bölməsi üzrə Bakı şagirdlərinin nəticəsi riyaziyyatda +66.5 bal, təbiət elmlərində +64.3 bal, oxuda +45.0 bal artıb. Rusdilli qrupda da irəliləyiş var: riyaziyyatda +39.6 bal, təbiət elmlərində +33.4 bal, oxuda +8.7 bal.

Şəkil 4. Bakı 2022–2025: nəticə artımı dil qrupları üzrə.
Başqa sözlə, Azərbaycan dilində test verən şagirdlərin irəliləyişi rusdilli qrupla müqayisədə riyaziyyatda təxminən 27, təbiət elmlərində 31, oxuda isə 36 bal daha böyükdür. Burada əsas sual budur ondan ibarətdir ki, bu artımı bir neçə yüksək nəticəli məktəb və ya şagird yaradıb, yoxsa bütün paylanma yuxarı hərəkət edib?
Yüksəliş yalnız orta bala aid deyil
Minimum səriştə həddi olan Level 2-dən aşağı şagirdlərin payı xüsusilə Azərbaycan bölməsində kəskin şəkildə azalıb.
|
Bakı |
Az dili 2022 |
Az dili 2025 |
Dəyişmə |
Rus dili 2022 |
Rus dili 2025 |
Dəyişmə |
|
Riyaziyyat: L2-dən aşağı |
64.8% |
38.5% |
−26.3 pp |
47.9% |
32.0% |
−15.9 pp |
|
Təbiət elmləri: L2-dən aşağı |
69.9% |
40.2% |
−29.7 pp |
46.4% |
30.8% |
−15.6 pp |
|
Oxu: L2-dən aşağı |
72.6% |
52.6% |
−20.0 pp |
52.5% |
46.1% |
−6.4 pp |
Bu nəticə vacibdir. Azərbaycan bölməsinin orta balının yüksəlməsi
yalnız güclü şagirdlərin daha da güclənməsi ilə izah olunmur. Aşağı nəticə göstərən
böyük şagird kütləsi minimum səriştə həddinə doğru və onun üzərinə hərəkət
edib.
Amma proses yalnız “aşağıda”da baş verməyib. Riyaziyyatda Azərbaycan dilli qrupun 10-cu percentili təxminən 42 bal, medianı 65 bal, 90-cı percentili isə 92 bal yüksəlib. Təbiət elmlərində uyğun artımlar təxminən 46, 63 və 84 baldır. Yəni sistem eyni vaxtda həm aşağı hissəni yuxarı çəkib, həm də yuxarını genişləndirib.
Riyaziyyatda bir paradoks: 2025-də L5+ payı Azərbaycan
bölməsində bir qədər yüksəkdir
2022-ci ildə Bakıda riyaziyyatda Level 5 və yuxarı nəticə göstərənlərin
payı Azərbaycan bölməsində cəmi 0.6%, rusdilli şagirdlər arasında isə təxminən
1.8% idi. 2025-də göstəricilər Azərbaycan bölməsində 8.4%, rus bölməsində isə 7.1% olub.
Görünür ki, yüksək səviyyəli riyazi performans artıq rus bölməsinin
eksklüziv üstünlüyü deyil. Azərbaycan bölməsinin şagirdləri arasında yüksək nəticə
bazası son dərəcə sürətlə genişlənib.
Rus bölməsində ən müəmmalı nəticə oxudur
Rus bölməsi üzrə Bakı şagirdlərinin riyaziyyat nəticəsi 2022–2025
arasında təxminən 40 bal, təbiət elmləri 33 bal artıb. Oxuda isə artım cəmi 9
baldır. Daha da maraqlısı, rusdilli qrupda oxunun 90-cı percentili təxminən 8
bal aşağı düşüb. Bu, seçmə xətasına görə ehtiyatla şərh olunmalıdır, lakin
paylanmanın yuxarı hissəsində oxu performansının demək olar ki, yerində
qaldığını göstərir.
Azərbaycan dilli qrupda isə oxu üzrə həm aşağı, həm orta, həm də
yuxarı hissədə təxminən 43–47 ballıq artım var. Buna görə PISA 2025 yalnız “Azərbaycan
bölməsi rus bölməsinə çatır” hekayəsi deyil. Domenlər üzrə inkişaf
trayektoriyaları da fərqlənir.
Əsas məsələ dil deyil, təhsil ekosistemidir
PISA 2025-dən çıxan əsas nəticə hansı bölmənin “daha yaxşı” olması
deyil. Daha maraqlı nəticə budur ki, uzun müddət rus bölməsinin üstünlüyü kimi
görünən fərqin mühüm hissəsi əslində coğrafi və sosial strukturun nəticəsidir.
Rusdilli şagirdlər daha çox Bakıda yaşayırlar, orta hesabla daha
yüksək sosial ailələrdən gəlirlər, daha
yüksək peşə statuslu valideynlərə malikdirlər və ən əsası, qeyri-proporsional şəkildə
sosial-iqtisadi baxımdan üstün şagirdlərin toplandığı məktəblərdə oxuyurlar.
Bununla yanaşı, 2022–2025 dövründə Azərbaycan dilli şagirdlərin irəliləyişi o qədər
geniş və sürətli olub ki, üç il əvvəl böyük görünən dil fərqi əksər göstəricilərdə
kəskin şəkildə azalıb.
Azərbaycan bölməsi rus bölməsinin əvvəlki nəticələrinə doğru deyil, hər iki qrupun yüksəldiyi yeni performans səviyyəsinə doğru sürətlə yaxınlaşır. Bu, aşağıya doğru bərabərləşmə deyil — yuxarıya doğru konvergensiyadır.
Bu nəticələrdən sonra siyasət müzakirəsini “Azərbaycan bölməsi,
yoxsa rus bölməsi?” müstəvisində aparmaq analitik baxımdan məhsuldar deyil.
Daha düzgün sual budur ondan ibarətdir ki, rusdilli və yüksək SES-li məktəblərdə
tarixən cəmləşmiş akademik üstünlüklər nədən ibarətdir və Azərbaycan dilli məktəblərin
bir hissəsi 2022–2025 arasında bu fərqi necə bu qədər sürətlə bağlaya bilib?
Əgər həmin prosesin arxasında güclü müəllim korpusu, yüksək koqnitiv
tələb, məktəb rəhbərliyi, valideyn gözləntiləri, repetitor ekosistemi, seçmə
mexanizmləri və ya müəyyən məktəb mədəniyyəti dayanırsa, əsas dövlət siyasəti
dil bölmələrini müqayisə etmək deyil, effektiv təhsil kapitalını bütün məktəblər
arasında yaymaq olmalıdır.
PISA 2025-in bu hissədən çıxan ən optimist mesajı da məhz budur ki,
Azərbaycan dilində təhsil alan şagirdlər üçün yüksək performansın qarşısında dəyişməz
və struktur bir “dil tavanı” görünmür. Cəmi üç il ərzində böyük performans fərqinin
sürətlə daralması göstərir ki, düzgün məktəb və təhsil mühiti formalaşdıqda əvvəllər
sabit görünən fərqlər çox sürətlə dəyişə bilir.
16:16 17.09.2026
Oxunuş sayı: 64