Fazil Mustafa “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” adlı konfransda çıxış edib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda mötəbər konfrans keçirilib. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tədbirin açılış mərasimində çıxış edib.
Crossmedia.az xəbər verir ki, Fazil Mustafa öz çıxışında tarixi-dini abidələrin qorunmasının yalnız fiziki təmir-bərpa işləri ilə məhdudlaşmaması gərəkdiyini, bu prosesin həm də daşlaşmış kollektiv yaddaşın dirçəldilməsi missiyası daşıdığını vurğulayıb. Komitə sədri qeyd edib ki, abidələrə yanaşmada əsas meyar etnik və ya dini mənsubiyyət deyil, onların bu torpağın mədəni irsinin ayrılmaz parçası olmasıdır. Azərbaycanın kilsə, məscid və sinaqoqlara eyni multikultural, humanist prinsiplərlə yanaşdığını xatırladan Fazil Mustafa, ölkəmizin bu sahədə qlobal miqyasda örnək bir davranış modeli sərgilədiyini diqqətə çatdırıb.
Çıxış zamanı regional sülh və tarixi ədalətin bərpası kontekstində düşüncələrini bölüşən Fazil Mustafa, Qərbi Azərbaycanda dağıdılmış mədəni-dini irsin taleyinə toxunub. O bildirib ki, sülh sazişi imzalandıqdan sonra hər hansı müvafiq imkan, təşəbbüs yaradılarsa, Azərbaycan tərəfi indiki Ermənistan ərazisində qalan tarixi abidələrin də bərpasına hər cür töhfə vermək, zəruri addımlar atmaq əzmindədir.
İşğaldan qurtulmuş Qarabağ və Şərqi Zəngəzurdakı bərpa prosesini yüksək qiymətləndirən komitə sədri, Böyük Qayıdışın həm də mənəvi yaddaşın öz doğma ünvanına qayıdışı olduğunu deyib. Bununla yanaşı, o, tarixi tikililərə icmalar tərəfindən edilən qeyri-peşəkar müdaxilələrin fəsadlarından danışaraq, xoş niyyətdən daha çox elmi və mühəndis yanaşmaların, peşəkarlığın önəmini vurğulayıb.
Çıxışının sonunda gənc nəslin vətənpərvərlik və milli irsə sayğduyarlıq ruhunda tərbiyə olunması üçün rəqəmsal xəritələr, virtual turlar və mobil tətbiqlər kimi çağdaş texnoloji imkanlardan geniş istifadə edilməsini təklif edən Fazil Mustafa, qanunvericilik bazasının da çağdaş çağırışlara uyğun təkmilləşdirilməsinin vacibliyini bildirib.
16:12 17.09.2026
Oxunuş sayı: 58