Zelenski yüksək vəzifəli müavinini işdən çıxarıb
Ukrayna Prezidenti Volodimir Zelenski prezident administrasiyası rəhbərinin müavini İrina Mudranı vəzifəsindən azad edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenskinin çərşənbə günü imzaladığı fərmanda Mudranın vəzifədən kənarlaşdırıldığı bildirilib. Sənəddə qərarın səbəbi açıqlanmayıb.
Mudranın vəzifədən azad edilməsi Ukraynada yüksək səviyyəli rəsmilərlə bağlı korrupsiya araşdırmalarının genişləndiyi bir vaxta təsadüf edib. Bundan bir neçə saat əvvəl Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və İxtisaslaşmış Korrupsiyaya Qarşı Prokurorluq prezident administrasiyasının yüksək vəzifəli şəxslərinin də adlarının hallandığı iddia edilən cinayətkar təşkilata qarşı əməliyyat keçirib.
Əməliyyat çərçivəsində Mudranın iş otağında da axtarış aparılıb.
Büronun məlumatına görə, Forrest Gump adlandırılan araşdırmada hazırkı və keçmiş deputatların, eləcə də Zelenskinin ofisinin yüksək vəzifəli şəxslərinin daxil olduğu iddia edilən qrup araşdırılır. İstintaq həmin şəxslərin dövlətə məxsus Sense Bank vasitəsilə təxminən 150 milyon Ukrayna qrivnasını (təxminən 3 milyon dollar) leqallaşdırdığını və bu vəsaitin keçmiş energetika naziri German Qaluşenkonun girov pulunun ödənilməsinə yönəldildiyini iddia edir.
Büronun yayımladığı materiallarda prezident administrasiyası rəhbərinin müavinlərindən birinin korrupsiya ilə mübarizəyə dair mübahisəli ifadələrinin yer aldığı səs yazılarını da təqdim edib. Lakin qurum həmin şəxsin adını açıqlamayıb.
Mudra isə mediaya açıqlama verməyib.
18:51 19.08.2026
Oxunuş sayı: 49