İnsanlar nə üçün ailə üzvlərini öldürür? - Psixoloq detalları açıqladı
Ailədaxili münasibətlərdə yaranan münaqişələr bəzi hallarda aqressiv davranışlara, daha ağır vəziyyətlərdə isə fiziki və psixoloji zorakılığa qədər gedib çıxa bilir. Xüsusilə təhdid, nəzarət, alçaltma, həddindən artıq qısqanclıq və təkrarlanan aqressiv davranışlar münasibətlərdə ciddi problemlərin göstəricisi kimi qiymətləndirilir. Bu cür davranışların zamanla şiddətlənməsi isə ailə üzvlərinin təhlükəsizliyi baxımından risk yarada bilər. Ailədaxili zorakılığın qarşısının alınmasında əsas məsələlərdən biri təhlükəli davranışların erkən mərhələdə fərq edilməsi və normallaşdırılmamasıdır. Zorakılığın səbəbləri fərdi xüsusiyyətlərlə məhdudlaşmır və ailə münasibətləri, sosial mühit, davranış modelləri və digər amillərlə əlaqəli ola bilər. Bəs aqressiv davranış hansı hallarda daha ciddi zorakılıq riskindən xəbər verə bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən psixoloq Aynur İskəndərova bildirib ki, ailə daxilində aqressiyanın ağır zorakılığa çevrilməsini yalnız bir psixoloji səbəblə izah etmək düzgün olmaz:
"Belə hallarda fərdin psixoloji xüsusiyyətləri ilə yanaşı, ailə münasibətləri, sosial mühit, öyrənilmiş davranış modelləri, uzunmüddətli konfliktlər, maddə istifadəsi və zorakılığa münasibət kimi bir sıra amillər qarşılıqlı şəkildə rol oynaya bilər. Psixoloji baxımdan xüsusilə emosiyaların tənzimlənməsində çətinlik, frustrasiyaya dözümsüzlük, impulsiv davranış, qəzəbin idarə olunmaması və konflikt zamanı problem həll etmə bacarıqlarının zəifliyi risk yaradan amillər sırasındadır. Bəzi insanlar üçün qəzəb emosional vəziyyət olmaqdan çıxaraq nəzarət və cəza vasitəsinə çevrilə bilir. Bu zaman qarşı tərəfi təhdid etmək, alçaltmaq, qorxutmaq və fiziki güc tətbiq etmək münasibətlərdə bəzən problemi həll etmə üsulu kimi qəbul edilir. Digər mühüm məsələ zorakılığın öyrənilən davranış olmasıdır. Uşaqlıq və yeniyetməlik dövründə ailədə zorakılığın normal konflikt həlli forması kimi müşahidə edilməsi gələcəkdə həmin davranış modelinin təkrarlanması riskini artıra bilər. Lakin burada mühüm məqam ondan ibarətdir ki, zorakılığa məruz qalmaq və ya zorakılıq mühitində böyümək insanın gələcəkdə mütləq zorakı olacağı anlamına gəlmir. Sadəcə, müəyyən risk faktorlarından biri hesab olunur".
Psixoloq qeyd edib ki, ailə daxilində ağır zorakılıq hallarının qarşısının alınması baxımından ən vacib məsələlərdən biri erkən xəbərdarlıq əlamətlərinin ciddiyə alınmasıdır: “Xüsusilə təkrarlanan fiziki zorakılıq, ölüm və ya xəsarət yetirmə ilə bağlı təhdidlər, silah və ya digər təhlükəli vasitələrlə hədələmə, qarşı tərəfi izləmə və nəzarətdə saxlama, həddindən artıq qısqanclıq və sahiblik davranışı, əmlaka qəsdən zərər vurma, heyvanlara qarşı qəddarlıq, zorakılığın getdikcə intensivləşməsi və öldürmək kimi konkret təhdidlər ciddi risk siqnallarıdır. Burada xüsusilə bir məqamı vurğulamaq lazımdır: ailədaxili zorakılığı sadəcə əsəbilik və ya xasiyyət məsələsi kimi qiymətləndirmək olmaz. Aqressiv davranışın arxasında psixoloji mexanizmlər ola bilər, lakin zorakılığın izah edilməsi onun haqq qazandırılması demək deyil. Həmçinin hər aqressiv və ya emosional insanın zorakılıq törədəcəyini düşünmək də doğru deyil. Risk əlamətləri müşahidə edildikdə əsas məqsəd münaqişəni həmin anda kim haqlıdır müstəvisində həll etmək deyil, təhlükəsizliyi təmin etməkdir. Təhdid və fiziki zorakılıq varsa, hadisənin eskalasiya etdiyi anda qarşıdurmanı artırmaqdan çəkinmək, təhlükəsiz məkana keçmək, etibarlı şəxslərdən və zəruri hallarda aidiyyəti peşəkar və hüquqi xidmətlərdən yardım almaq vacibdir. Təkrarlanan zorakılıq hallarında psixoloji dəstək və riskin peşəkar qiymətləndirilməsi də mühüm rol oynayır. Nəticə etibarilə, ağır ailədaxili zorakılıq adətən bir anda yaranan sadə emosional partlayış kimi qiymətləndirilməməlidir. Çox vaxt ondan əvvəl münasibətlərdə nəzarət, təhdid, alçaltma, qorxutma və daha yüngül zorakılıq formaları müşahidə oluna bilər. Buna görə də profilaktikanın əsas istiqamətlərindən biri məhz bu erkən siqnalları normallaşdırmamaq, zorakılığı gizlətməmək və vaxtında müdaxilə etməkdir”.
Zeynəb Həsən
18:02 03.10.2026
Oxunuş sayı: 57