Trampın qərarı Seulu şoka saldı: Cənubi Koreya əvvəlcədən xəbərdar edilməyib
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bildirib ki, Seul ABŞ Prezidenti Donald Trampın ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin əhəmiyyətli dərəcədə azaldılması qərarı barədə əvvəlcədən məlumat almayıb.
Crossmedia.az ˝Politico˝-ya istinadən xəbər verir.
Ço Cənubi Koreya parlamentinin Xarici İşlər Komitəsində çıxışı zamanı bildirib ki, nə Cənubi Koreya hökuməti, nə də ABŞ rəsmiləri Trampın “Truth Social” platformasında yaydığı açıqlamadan əvvəl bu qərardan xəbərdar olub.
Tramp avqustun 16-da ABŞ-nin müdafiə naziri Pit Heqsetə Cənubi Koreya ilə illik birgə hərbi təlimləri əhəmiyyətli dərəcədə azaltmağı tapşırıb. O, təlimləri baha və Şimali Koreyaya qarşı tamamilə yersiz və düşməncəsinə yönəlmiş tədbir adlandırıb.
ABŞ prezidenti bu qərarı Seulun İranın nüvə imkanlarının aradan qaldırılması istiqamətində ABŞ-nin səylərinə dəstək verməkdən imtina etməsi ilə əlaqələndirib və Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı münasibətlərinin olduğunu vurğulayıb.
Ço bildirib ki, Trampın açıqlaması Seul üçün gözlənilməz olub. Bununla belə, birgə hərbi təlimlərdəki dəyişikliklərin ABŞ və Cənubi Koreya tərəfindən birgə müzakirə edildiyini qeyd edib.
Nazir həmçinin xəbərdarlıq edib ki, təlimlərin azaldılması müharibə zamanı operativ komandanlığın Cənubi Koreyaya verilməsi prosesini gecikdirməməlidir.
ABŞ və Cənubi Koreya arasında birgə hərbi təlimlər 70 ildən artıqdır ki, iki ölkə arasındakı hərbi ittifaqın əsas elementlərindən biridir. Şimali Koreya isə bu təlimləri mütəmadi olaraq ölkəyə hücum hazırlığı kimi qiymətləndirir.
Bu ilki təlimlərin müddəti də artıq azaldılıb. Cənubi Koreya tərəfinin məlumatına görə, ABŞ-nin tələbi ilə təlimlər avqustun 27-si əvəzinə avqustun 21-də başa çatacaq.
18:45 19.08.2026
Oxunuş sayı: 48